BAKI, 30 dekabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsində dəyişikliklərə baxılıb.
Sputnik Azərbaycan xəbər verir ki, Məcəlləyə iki maddə əlavə edilir. Onlardan biri 2 il müddətinə ölkəyə idxal olunacaq koronavirus infeksiyasına qarşı vaksinlərin və şprislərin ƏDV-dən azad olunmasını nəzərdə tutur. Digər maddə isə illik emalı 3 milyon tondan az olmayan neft emalı zavodlarının yenidən qurulması zamanı gətirilən mal və materialların əlavə dəyər vergisindən 2 il müddətinə azad olunmasını ehtiva edir.
Başqa sözlə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalından 2021-ci il yanvarın 1-dən 2 il müddətinə ƏDV tutulmayacaq.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.