BAKI, 30 dekabr — Sputnik. "Payız sessiyasında Milli Məclis 19 iclas keçirib, 86 qanun və qərar qəbul edib".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
S.Qafarova bildirib ki, Milli Məclis qanunvericilik səlahiyyətlərini tam həyata keçirib, Azərbaycan Prezidentinin uzaqgörən və düşünülmüş siyasətini parlament səviyyəsində dəstəkləmək üçün zəruri tədbirlər görüb: "Milli Məclis bu müddət ərzində beynəlxalq münasibətlərini möhkəmləndirib, xarici ölkələrdəki həmkarları ilə onlayn görüşlər keçirib".
O bildirib ki, Vətən müharibəsində əldə edilmiş qələbə münasibətilə Milli Məclis ayrıca iclas keçirib, Azərbaycan Prezidentinə və xalqına müraciət edib: "Milli Məclis 2020-ci ili, payız sessiyasını uğurla başa çatdırır".
S.Qafarova təklif edib ki, Milli Məclis adından Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban xanım Əliyevaya təbrik məktubları göndərilsin. Deputatlar bu təklifi alqışlayıblar. İclasın sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.