BAKI, 30 dekabr — Sputnik. Bu gün Milli Məclisdə gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı dinlənilib. Sputnik Azərbaycan xəbər verir ki, məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib. B.Muradova Azərbaycanda gender bərabərliyi ilə bağlı vəziyyət, mövcud problemlər, görülən işlər və digər məsələlər barədə ətraflı məlumat verib.
Komitə sədri bildirib ki, demoqrafik təhlillər onu göstərir ki, doğulan uşaqların cins nisbəti (hər 100 qız uşağına düşən oğlan uşaqlarının sayı) bioloji normaya uyğun olaraq 105-107 təşkil edir. O qeyd edib ki, Azərbaycanda diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur: "Hazırda hər 100 qız uşağına 114 oğlan uşağı düşür. Cins nisbətinin pozulmasına görə Azərbaycan dünyada ikinci yerdə qərarlaşıb".
Məişət zorakılğı haqqında danışan B.Muradova vurğulayıb ki, 2019-cu ildə məişət zorakılığına görə 1308 cinayət törədilib, qadınlara qarşı 37 qətl hadisəsi olub. B.Muradova əlavə edib ki, qız uşaqlarının oğurlanmasına görə 2019-cu ildə 9 cinayət işi qaldırılıb. O qeyd edib ki, qız uşaqları ilə bağlı monitorinqlərin gücləndirilməsinə ehtiyac var.
B.Muradova bildirib ki, Azərbaycanda gender bərabərliyinin təmin edilməsi üçün dövlət tərəfindən bütün şərait yaradılsa da, yenə bu sahədə fərqlər mövcuddur.