BAKI, 30 dekabr — Sputnik. BMT-nin baş katibi Antonio Quterreş Yeni il ilə əlaqədar müraciət edib. Bu barədə Sputnik Azərbaycan-a BMT-nin Qlobal Kommunikasiyalar Departamentindən məlumat verilib.
Müraciətdə deyilir: "Əziz dostlar, 2020-ci il sınaqlar, faciələr və göz yaşları ili kimi yadda qaldı. COVID-19 pandemiyası həyatımızı alt-üst edərək, dünyanı əzab və kədərə məhkum etdi. Bu müddət ərzində nə qədər yaxınımızı itirdik. Bununla belə, pandemiya növbəti xəstəlik və ölüm dalğası yaradaraq, daha da geniş vüsət almağa davam edir. Dünyada yoxsulluq, bərabərsizlik və aclıq artmaqdadır. İş yerləri bağlanır, borclar artır.
Uşaqlar da əziyyət çəkirlər. Evlərdə zorakılıq artır. Təhlükə artıq hər yerdə mövcuddur. Lakin qarşıdan yeni il gəlir və onun gəlişi ilə biz ümid işığını görürük: insanlar qonşuları və onlara yad olan insanlara yardım əlini uzadırlar, xəstəliklə mübarizənin ön cəbhəsində çalışanlar özlərini bu işə fəda edirlər; alimlər çox qısa müddətdə peyvəndləri hazırlayırlar; dövlətlər iqlim fəlakətinin qarşısını almaq üçün yeni öhdəliklər götürürlər.
Biz birlik və həmrəylik mühitində çalışsaq, bu ümid işartıları bütün dünyanı işıqlandıra bilər. Bu çətin ildən çıxarmalı olduğumuz dərs məhz budur".
Onun sözlərinə görə, həm iqlim dəyişikliyi, həm də COVID-19 pandemiyası elə bir böhrandır ki, onu yalnız hər kəs birlikdə mübarizə apararsa, aradan qaldırmaq mümkündür. Bu isə özlüyündə inklüziv və davamlı gələcəyə keçidin bir hissəsini təmin etmiş olacaq.
A.Quterreş qeyd edib ki, 2021-ci il üçün BMT-nin başlıca hədəfi 2050-ci ilə qədər karbon neytrallığı və ya sıfır emissiya səviyyəsinə nail olmaq üçün qlobal ittifaq qurmaqdır. Hər bir hökumət, şəhər, biznes və fərd bu məqsədə öz töhfəsini verə bilər.
"Gəlin birlikdə öz aramızda və təbiətlə barışaq, iqlim böhranını həll edək, COVID-19 virusunun yayılmasının qarşısını alaq və 2021-ci ili şəfa, sağalma ili elan edək. Ölümcül virusun təsirini, çökmüş iqtisadiyyat və cəmiyyətləri, bölücülük meyllərini, eləcə də planetimizi sağaltmaq ili. Bu, 2021-ci il üçün bizim Yeni il vədimiz olmalıdır. Mən BMT adından hamınıza xoş və dinc yeni il arzulayıram", - Quterreş deyib.