“2020-ci ilin mart ayından Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı onlayn repeturarını tərtib edib. Reperturarımızda həm cari, həm də illər əvvəl premyerası olmuş tamaşalar yer alırdı”. Bunu Sputnik Azərbaycan-a 2020-ci ilin teatr sahəsinin yekunları haqqında danışarkən Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı deyib.
O bildirib ki, tamaşalar üç platformada yayımlanıb: “Statistika da göstərdi ki, tamaşaçılar onlayn tamaşalarımıza böyük maraq göstərir. Tamaşalarımıza Azəbaycanla yanaşı, digər ölkələrdən də maraq olduğu üçün teatrımızın rəhbərliyi tamaşaların subtitrlarla rus və ingilis dillərində də nümayiş olunmasını qərara aldı. Təbii ki, onlayn tamaşalar ənənəvi teatrı əvəz edə bilmir. Lakin biz dövrün reallıqları ilə hesablaşmalıyıq. Pandemiya davam etdiyi müddətcə teatr onlayn repertuarını quracaq və işini davam etdirəcək”.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2020-ci il martın 14-dən etibarən ölkə ərazisində tətbiq olunan sosial izolyasiya tədbirləri çərçivəsində ölkə üzrə kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılıb.
Cavid Zeynallının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz