BAKI, 26 dekabr — Sputnik. Hacı Zeynalabdin Tağıyev haqqında sənədli film İtaliyanın Ostia beynəlxalq film festivalında yarımfinala vəsiqə qazanıb. Film 2021-ci ildə böyük ekranda nümayiş olunacaq, finala vəsiqə qazanarsa, SMG distribüteri ilə dünya miqyasında müqavilə imzalanacaq.
Sputnik Azərbaycan xəbər verir ki, ekran əsərinin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımovdur. Filmin çəkilməsində əsas məqsəd Hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm də onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir.
36 dəqiqəlik bədii-sənədli filmdə əsas kadrların 30 faizini o dövrdəki köhnə kadrlar təşkil edir. Bu kadrlar Almaniyadan əldə olunub və Rusiyanın Sankt-Peterburq şəhərində yenidən canlandırılıb. Bütün bunlar əsasən beynəlxalq festivallar üçün nəzərdə tutulub.
Ekran əsərində Hacı Zeynalabdin Tağıyevin Stalinlə görüşlərindən, Nobel qardaşlarının ən böyük rəqiblərindən birinin Hacı Zeynalabdin olmasına baxmayaraq, ata Nobelin Hacıya böyük hörmətindən, Hacının reallaşdırdığı bütün xeyriyyə işlərində Nobel qardaşlarının iştirakından söhbət açılır. Həmçinin Hacının Musa Nağıyevlə dostluğuna da filmdə xüsusi yer ayrılıb. Ekran əsərində Bakıda XX əsrin əvvəllərində baş verən tarixi hadisələrə də toxunulur.