BAKI, 25 dekabr — Sputnik. Cari ilin dekabrın 24-də Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Bərdə rayonu ərazisində yerləşən Bərdə dəmiryolu stansiyasında Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi tərəfindən göndərilmiş növbəti humanitar yardım karvanını qəbul edib. 9 vaqondan ibarət humanitar yardım əsasən tikinti materialları, texniki və məişət avadanlıqlarından ibarətdir.
Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, 24 dekabr tarixinədək Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi tərəfindən Azərbaycana ümumilikdə 54 vaqon, 25 yük avtomobilindən ibarət yardım göndərilib.
Gətirilən yardımın Vətən müharibəsi dövründə düşmənin mərmi və raket atəşləri nəticəsində döyüş bölgəsindən kənarda yerləşən yaşayış məntəqələrində ziyan çəkmiş mülki əhalinin əmlakının təmiri və bərpası işləri zamanı istifadə olunması nəzərdə tutulur.
Onu da qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən həm əməkdaşlıq çərçivəsində göndərilən yardımlar, həm də sülhməramlılar üçün ünvanlanan yüklər Azərbaycan Respublikasının ərazisindən çatdırılır.