BAKI, 25 dekabr — Sputnik. "Milli Məclisin payız sessiyasının növbəti plenar iclası dekabrın 28-də keçriiləcək".
Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.
İclasda büdcə zərfinə daxil olan sənədlər ikinci oxunuşda müzakirə ediləcək.
Qeyd edək ki, bu gün Azərbaycanın 2021-ci il dövlət büdcəsi layihəsi parlamentdə birinci oxunuşda qəbul edilib.
2021-ci il dövlət büdcəsinin gəlirləri 25 427,0 mln. manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6%-i həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 303,0 mln. manat və yaxud 5,4%, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 208,9 mln. manat və yaxud 5% çoxdur.
2021-ci il dövlət büdcəsinin xərcləri 28 543,0 mln. manat (ÜDM-də xüsusi çəkisi 37,7%) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1 050,8 mln. manat və ya 3,8%, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 117,1 mln. manat və ya 16,9% çoxdur.