BAKI, 25 dekabr — Sputnik. "Peşəkar işçi yaxşı maaş, yaxşı qonorar istəyir. 2019-2020-ci illər ərzində 4 milyondan çox vəsait əməkdaşlarımızın maaş və qonorarlarına əlavə edilib".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov illik onlayn mətbuat konfransında deyib. R.Məmmədov bildirib ki, bu vəsait əməkdaşların rifah halının yaxşılaşdırılmasına sərf edilib.
R.Məmmədov qeyd edib ki, AzTV-nin HD yayıma keçmək istiqamətində önəmli addımlar atılıb:
"Bu istiqamətdə işlər gedir və yanvar ayının ilk 10 günlüyündə efir otağında HD yayıma keçiləcək. Bu dövrdə 10-dan çox studiya təqdim etmişik. Televiziyanın uğurunun 60 faizdən çoxu gözəl studiyalarla bağlıdır. 4K sistemi ilə işləyən efir otağı yaratmışıq".
Sədr eyni zamanda bildirib ki, AzTV-nin uzun illər ərzində formalaşan forma və məzmunun yeni dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində işlər gedir: "Daha dinamik verilişlərin olması və aparıcıların gətirilməsi üçün işlər aparılır. Pandemiya bu dəyişikliklərin aparılması sürətinə az təsir etsə də, bizim işlərimiz davam edir".