Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Koronaviruslu xəstələr qaydaları niyə pozur - Psixoloqdan ilginc izahat

© AR Ministry of Internal AffairsYaşadığı ünvanı tərk edən koronavirus xəstəsi
Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Ramin Hacıyev: "Təcrübələrimə əsasən deyə bilərəm ki, müxtəlif xəstəliyi olanlar, Hepatit virusu daşıyıcıları, androloji, ginekoloji xəstəliyi olan vətəndaşlar öz xəstəliklərini gizlətməyə çalışırlar".

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 25 dekabr — Sputnik. Hər gün onlarla koronavirus xəstəsi hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılır. Onların bəziləri xəstəxanalara yerləşdirilir, bəziləri inzibati tənbeh edilir və yaxud cinayət məsuliyyətinə cəlb olunurlar. 

Ancaq hər gün verilən statistikaya nəzər saldıqda görünən odur ki, tətbiq edilən tədbirlər o qədər də təsirli deyil.

Bəs koronavirus xəstələrini qadağaları pozmağa nə vadar edir?

Mütəxəssislərin fikrincə, bu xəstələrin bəziləri xəstəlik eqoizmi ilə, bəziləri isə savadsızlıq və ya məsuliyyətsizlik göstərərək qaydaları pozur.

Psixoloq Ramin Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, xəstəlik eqoizmi anlayışı var və belə hallar bəşər tarixində hər zaman olub:

"1869-cu ildə tif xəstəliyi yayılan zaman İrlandiyadan olan Meri adlı xanım, aşpaz işlədiyi zaman onlarla insanı əvvəlcə bilmədən, sonra isə qəsdən xəstəliyə yoluxdurur. Bu hadisə ilə bağlı tarixdə Tif Meri adlı personaj olub".

Psixoloqun sözlərinə görə, bu hallar vərəm xəstələrində və digər ağır yoluxucu xəstəliklərdə olan insanlarda özünü göstərir. Bu zaman xəstə düşünür ki, "əgər mən belə ağır xəstəliyə yoluxmuşamsa, başqası niyə yoluxmasın?!"

R.Hacıyev qeyd edir ki, bu, normal düşüncə deyil və xüsusən vərəmli xəstələrdə belə hallar daha çox özünü büruzə edir. Belə insanlar cəmiyyət arasında rahat gəzir, insanları yoluxdurur, ailə həyatı qurur, ailəsini yoluxdururlar.

"QİÇS xəstələrində də belə hal müşahidə edilir. Bu xəstələr daim izlənilir. Ailə həyatı quran zaman insanlar analiz verir, tibbi arayış təqdim edirlər. Ancaq xəstəliyini gizlədib ailə həyatı quranlar da olur", - deyə psixoloq vurğulayıb.

Onun sözlərinə görə, koronavirus xəstələrinin qoyulan qadağalara əməl etməməsinin səbəbini təkcə xəstə eqoizmi ilə izah etmək də düzgün deyil.

Çünki bu hala vətəndaşların savadsızlığı, məsuliyyətsizliyi də səbəb olur. Bəzi vətəndaşlar atdıqları addımların fəsadlarını düşünmək qabiliyyətinə malik olmurlar.

"Təcrübələrimə əsasən deyə bilərəm ki, müxtəlif xəstəliyi olanlar, Hepatit virusu daşıyıcıları, androloji, ginekoloji xəstəliyi olan vətəndaşlar öz xəstəliklərini gizlətməyə çalışırlar. Xəstəlik varsa, koronavirus qeydə alınıbsa, qadağalara əməl etmək vacibdir. Çünki əks halda, laqeyd davranışlar xəstəlik statistikasının, yoluxmanın artması ilə nəticələnə bilər. Məsələn, Çində bir il öncə meydana gələn virus bu gün demək olar ki, yoxdur. Çin bu nəticəni vətəndaş məsuliyyəti ilə əldə edə bildi. Biz də statistikanı azalda bilmək üçün məsuliyyətli olmağa çalışmalıyıq", - ekspert deyib. 

"Xəstəliyin ilkin simptomlarını müşahidə edirsinizsə, test verin və testin nəticəsi məlum olmadan çalışın ki, evdən kənara çıxmayasınız. Hazırda sistemlər yüklü olduğu üçün testlərin cavabları bir qədər ləngiyə bilir. Və test verən şəxslər nəticəsini gözləmədən cəmiyyət arasına çıxır", –deyən psixoloq bildirib ki, cəmiyyəti bu bəladan ancaq məsuliyyətli olmaq qurtara bilər.

Son həftədə daxili işlər orqanları tərəfindən 100-dən çox koronavirus xəstəsi saxlanıb.

Xatırladaq ki, epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə şəxslər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanır.

Xəbər lenti
0