CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Siyasi partiyalar haqqında" qanuna dəyişiklik - imtina olunan pulu büdcəyə qaytarmasınlar

© pixabay / Free-PhotosSənəddə imza, arxiv şəkli
Sənəddə imza, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Təklif olunan dəyişikliklərdə qanunun tətbiqi zamanı yarana biləcək vəsait çatışmazlığının aradan qaldırılması mexanizmləri, siyasi partiyaları təmsil edən deputatların saylarının artması və azalması və s. əksini tapıb

BAKI, 24 dekabr — Sputnik. Siyasi partiyaların maliyyələşməsi ilə bağlı qaydalara dəyişiklik edilir.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Siyasi partiyalar haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Qanunun "Siyasi partiyalara dövlət büdcəsindən vəsaitin ayrılması" adlanan 17-1-ci maddəsinə dəyişikliklər təklif olunur.

Siyasi partiyaların maliyyələşməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Qanunun hazırda qüvvədə olan mətnində "dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizinin siyasi partiyalar tərəfindən irəli sürülən, etibarlı səslərin azı 3 faizini qazanan, lakin Milli Məclisdə təmsil olunmayan həmin partiyalar arasında proporsional olaraq bölündüyü" qeyd olunub.

Bu sahədə mövcud olan boşluqların aradan qaldırılması üçün təklif olunan yeni dəyişiklikdə həmin məbləğ 10 faizdən 5 faizə endirilir. Məbləğin digər 5 faizi isə təkrar və əlavə seçkilərdə qələbə qazanan deputatların partiya mənsubiyyətinin yaranması ilə əlaqədar parlamentdə təmsil olunan yeni siyasi partiyalara ayrılır.

Təklif olunan dəyişikliklərdə qanunun tətbiqi zamanı yarana biləcək vəsait çatışmazlığının aradan qaldırılması mexanizmləri, siyasi partiyaları təmsil edən deputatların saylarının artması və azalması, Milli Məclisdə yeni siyasi partiyaların təmsil olunması hallarında vəsaitin hesablanma tarixi əksini tapıb.

Dəyişikliklərdə siyasi partiyaların dövlət büdcəsindən ayrılan vəsaitdən imtina etdiyi zaman həmin vəsaitin dövlət büdcəsinə qaytarılması yox, Milli Məclisdə təmsil olunan partiyalar arasında dördüncü rübün sonunda bərabər olaraq bölünməsi nəzərdə tutulub.

Vitse-spiker Fəzail İbrahimli deyib ki, vəsaitdən imtina edən siyasi partiyaların vəsaiti artıq dövlət büdcəsinə qaytarılmayacaq, parlamentdə iştirak edən siyasi partiyalar arasında ilin sonuncu rübündə bölünəcək.

Deputat Siyavuş Novruzov deyib ki, “Siyasi partiyalar haqqında” qanun Seçki Məcəlləsi və "Sərbəst toplaşmaq haqqında" qanunla tənzimlənməlidir: “"Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər kompleks edilməlidir. Başa düşürük, parlamentə düşən bəzi partiyalar qeydiyyatdan keçib, onlar da ayrılan vəsaitdən bəhrələnməlidir. Amma bu dəyişikliklər kompleks edilməlidir”.

Deputat Sabir Rüstəmxanlı isə təklif edib ki, siyasi partiyalara ayrılan vəsait artırılmalıdır.

Dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xəbər lenti
0