BAKI, 24 dekabr — Sputnik. "Prezidentin tapşırığı ilə ölkəmizdə yeni mədəniyyət strategiyası hazırlanır".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva deyib.
Deputat bildirib ki, bununla daha çox bölgələrimizdə olan abidələrin restavrasiyasına nail olunacaq: "Dünyada nüfuzlu universitetlərdə mədəniyyət sahəsində uşaqlarımızın oxuması çox vacibdir. Onlara dövlət dəstəyi verilməlidir. Onlar gələcəkdə bizim mədəniyyətimizi xaricdə təbliğ edəcəklər. Mədəniyyət sahəsində bu məsələyə hökumətin baxmasına ehtiyac var. Bəzi kateqoriyalardan olan mədəniyyət adamları da güzəştli ipotekadan yararlanan insanlar siyahısına əlavə edilməlidir. Bu məsələlərə baxılacağına inanıram. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə olan mədəniyyət abidələrinin yenidən qurulmasında, bərpasında xaricdə yaşayan azərbaycanlıların da iştirak edəcəyinə ümid edirəm. Vətən müharibəsində çox qəhrəmanlıq dastanları yazılıb. Bu ideoloji işi davam etdirmək üçün Vətən müharibəsi ilə bağlı filmlərin də çəkilməsi və təqdim olunması istiqamətində işlər görülməlidir".