"Qarabağ inciləri" sikkə dizaynı müsabiqəsi keçirilir

© Sputnik / Murad OrujovИндийская выставка в Баку
Индийская выставка в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Müsabiqə elan olunduğu vaxtdan etibarən başlayır və müvafiq dizayn layihələrinin qəbulu üçün son tarix 01.02.2021-ci ildir

BAKI, 22 dekabr — Sputnik. "Qarabağ inciləri" sikkə dizaynı müsabiqəsi Azərbaycan qızılından istehsal edilən sikkələrin dizaynı üçün həll çeşidliliyinin artırılması məqsədilə keçirilir. Dizayn müsabiqəsi müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun parlaq qələbəsinə və Azərbaycanın ayrılmaz parçası olan, düşmən işğalından azad edilən Qarabağa həsr edilib. Bu barədə "AzerGold" Qapalı Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, "AzerGold" QSC və Heydər Əliyev Mərkəzinin birgə təsis etdiyi müsabiqə Qarabağın qədim tarixini, mədəniyyətini, incəsənətini, qeyri-maddi mədəni irs nümunələrini ehtiva etməklə yeni və fərqli sikkə dizayn nümunələrinin seçilməsini hədəfləyir.

Dizayn müsabiqəsi "Qarabağın qədim mədəni irsi", "Qarabağın qədim tarixi", "Qarabağın simvolları", "Biz Qarabağa qayıdırıq", "Şanlı Ordumuzun zəfər yürüşü", "Əsirlikdən azad edilən abidələr" kimi mövzu istiqamətlərini əhatə edir. İştirakçılar yuxarıda sadalanan mövzular üzrə hazırladıqları layihələri www.azergold.gift platformasına yükləməklə müsabiqəyə qoşula bilərlər.

Təqdim ediləcək dizayn nümunələri müsabiqənin Əsasnaməsində qeyd edilən şərtlərə cavab verməlidir. Layihələr ölkənin tanınmış mütəxəsislərindən, dizayner və rəssamlarından təşkil edilmiş münsiflər heyəti tərəfindən 4 meyar – estetik görünüş, konseptual mövzu, unikallıq və tətbiqə yararlılıq meyarları əsasında ayrı-ayrılıqda 25 bal olmaqla 100 ballıq sistem əsasında qiymətləndiriləcək.

İlk 3 yerin qalibi diplom və pul mükafatı (1-ci yer 3000 AZN, 2-ci yer 2000 AZN, 3-cü yer 1000 AZN) ilə təltif ediləcək. Əlavə olaraq, müsabiqədə iştirak edən bütün layihələr www.azergold.gift saytında onlayn səsverməyə çıxarılacaq. Ən çox səs toplayan layihə "İzləyici rəğbəti" nominasiyası üzrə qalib elan ediləcək və qalibə 1000 AZN məbləğində pul mükafatı təqdim olunacaq.

Müsabiqə elan olunduğu vaxtdan etibarən başlayır və müvafiq dizayn layihələrinin qəbulu üçün son tarix 01.02.2021-ci ildir.

Bu müsabiqə yeni istedadları təşviq etmək və ortaya çıxarmaq üçün böyük bir fürsətdir. Siz də müsabiqəyə qoşulun, ideyalarınızı reallığa və dəyərə çevirin!

Xəbər lenti
0