Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 22 dekabr — Sputnik. İtaliyada koronavirusun mutasiyaya uğramış yeni növünün ortaya çıxması insanları təşvişə salıb. "B.1.1.7 SARS-CoV-2" virusu İngiltərədən Romaya gələn bir sərnişində də aşkarlanıb. İndi Azərbaycanda narahatlıq yaradan məsələlərdən biri "B.1.1.7 SARS-CoV-2" virusunun ölkəmizdə yayılma riskidir. Sputnik Azərbaycan "B.1.1.7 SARS-CoV-2" virusunun ölkəmizdə yayılıb-yayılmadığını, bunu üzə çıxartmağın yollarını araşdırıb.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "B.1.1.7 SARS-CoV-2" virusu ilə bağlı hələki Azərbaycanda məlumat yoxdur. N.Mürsəlovanın sözlərinə görə, bu virusla bağlı Azərbaycana Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən məlumat verildikdən sonra bu barədə danışmaq olar.
Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "B.1.1.7 SARS-CoV-2" virusunun fərqli xüsusiyyətləri bilinmir: "İngiltərədə koronavirusun yeni növünün yayılması barədə internetdən məlumat yayılıb. Bu mutasiya olunmuş tip adlandırılır. Bu tip barədə geniş məlumat xəstəlik keçirmiş insanlar üzərində araşdırma aparıldıqdan sonra olacaq".
İnfeksionist deyir ki, ilkin məlumatlara görə, "B.1.1.7 SARS-CoV-2"-in fərqi daha kontagioz olmasıdır: "İnfeksiyalarda kontagiozluq dərəcəsi əsas götürülür. Virusun yoluxdurma dərəcəsinin daha yüksək olması zamanı daha çox insan yoluxur. Çünki, kontagiozluq dərəcəsinin çoxluğu daha çox insanın yoluxmasına, daha çox ölüm hallarının baş verməsinə səbəb olur. Ona görə də "B.1.1.7 SARS-CoV-2"-in kontagiozluq səviyyəsi öyrənilməlidir. Məlumatlara görə, "B.1.1.7 SARS-CoV-2" COVID-19-la müqayisədə daha yüngül keçirilir".
Həmsöhbətimiz deyir ki, son ayda ölüm hallarının artmasının "B.1.1.7 SARS-CoV-2" növünün yayılması ilə əlaqələndirmək doğru deyil: "Son vaxtlar Azərbaycanda ölüm hadisələrinin artmasına həkimə vaxtında müraciət etməmək səbəb olur. İstər COVID-19, istər də B.1.1.7 SARS-CoV-2" növünə yoluxmada yanaşı xəstəlikləri olanlarda ölüm hadisələri qaçılmazdır. Çox təəssüf ki, bizdə ölüm hallarının artmasına əsas səbəb özbaşına müalicədir. Xəstələr həkimə müraciət etmir, özləri müxtəlif antibiotiklərlə müalicə alır, nəticədə xəstəlikləri ağırlaşanda xəstəxanaya üz tuturlar. Bu gün ginekoloqun, cərrahın, lorun, oftalmoloqun və digər qeyri-ixtisas həkimlərinin yazdığı reseptlə müalicə olunan xəstələr var. Belə ağırlaşmış xəstələri xəstəxanada da sağaltmaq mümkün deyil".
O ki qaldı "B.1.1.7 SARS-CoV-2" növünün hansı müayinə metodu ilə üzə çıxardılmasına, V.Cavadzadə bildirir ki, "B.1.1.7 SARS-CoV-2"-də də COVID-19-da olduğu kimi müayinə aparılır: "PZR testi (polimeraza zəncirvari reaksiyası) virusun daha dəqiq müayinə üsulu hesab olunur. Yaxmanın götürülmə prinsipi, yaxmanın saxlanılmasına əməl edilərsə diaqnostikada dəqiq nəticə çıxartmaq mümkündür".
İnfeksionist bildirir ki, virusun "B.1.1.7 SARS-CoV-2" növünün müalicəsinin COVID-19-dan fərqlənib-fərqlənməyəcəyini indidən demək mümkün deyil: "Burada instrumental müayinə üsullarından istifadə olunur. Virusun "B.1.1.7 SARS-CoV-2" növünün ağciyərlərdən başqa yerlərdə də patologiya törədəcəyi məlum deyil. Əgər başqa orqanlara da təsir etməsi mümkündürsə, bu zaman KT ilə yanaşı, digər müayinə üsullarından da istifadə edilə bilər. Amma ümumilikdə virusa təsir edən hər hansı dərman yoxdur. Antiviral dərmanlar qəbul edilir. Burada ümumi patogenetik simptomatik müalicələr aparılmalıdır".
İnsanları narahat edən daha bir məqam "B.1.1.7 SARS-CoV-2" növünə mövcud COVID-19 peyvəndlərinin təsiri məsələsidir. Belozerski İnstitutunun Virologiya şöbəsinin professoru, biologiya elmləri doktoru Aleksey Aqranovski bildirib ki, vaklsin eyni zamanda İngiltərədə yayılan yeni koronavirus növünə qarşı da təsirli olacaq. Onun sözlərinə görə, virusun yeni modifikasiyası onun yoluxuculuğu ilə əlaqələndirilir. Buna baxmayaraq, onun antigen quruluşu dəyişməyib: "Belə ki, koronavirusun çıxıntılarındakı zülaldakı etitoplarda (antigen makromolekulunun bir hissəsi) heç bir dəyişiklik baş vermədikdə, anticisimlər yenə də onlara hücum edə bilər".
Xatırladaq ki, dünyanın 20-dək ölkəsi, eləcə də azı 14 Avropa İttifaqı üzvü olan ölkə koronavirus infeksiyasının yeni mutasiyasının aşkar edilməsindən sonra Böyük Britaniya ilə nəqliyyat əlaqələrini dayandırmaq və ya məhdudlaşdırmaq qərarına gəlib. Ölkənin Səhiyyə Nazirliyi yeni növ koronavirus mutasiyasının (SARS-CoV-2) əvvəlki formadan daha tez yayıldığını və Londonda üstünlük təşkil etdiyini bildirib. Britaniyanın Baş naziri Boris Consonun sözlərinə görə, virusun bu ştammı orijinal versiyadan 70% daha çox yoluxucudur. Britaniya ilə uçuşların dayandırıldığını ilk olaraq Niderland hakimiyyəti elan edib. Bu ölkəyə 1 yanvar tarixinədək Birləşmiş Krallıqdan təyyarə reysi həyata keçirilməyəcək. Daha sonra Belçika Böyük Britaniya ilə sərhədi azı 24 saatlıq bağlayıb. Bununla əlaqədar olaraq Londonla Brüssel və Londonla Amsterdam arasında dəmir yolu əlaqələr də dayandırılıb. İtaliya, Almaniya, Bolqarıstan, İrlandiya, Litva, Latviya və Finlandiya da Britaniya ilə uçuşları dayandırıb. Fransa Britaniya ilə bütün nəqliyyat əlaqələrini 48 saatlıq müddətə dayandırıb. İsveç bu ölkədən gələnlərə qadağa tətbiq edib, Yunanıstan isə bu ölkədən gələnlər üçün yeddi günlük karantin tətbiq edir, Kipr iki həftəlik karantin tədbirlərinə başlayıb, İspaniya isə Birləşmiş Krallıqdan gələnlərə nəzarəti sərtləşdirib. Aİ ölkələrindən əlavə, Türkiyə, İsveçrə, Kanada və Argentina rəsmiləri də Böyük Britaniya ilə uçuşları dayandırmağa dair qərar qəbul ediblər. Eyni zamanda, Səudiyyə Ərəbistanı bir həftə müddətinə ölkə sərhədlərini tamamilə bağlayıb və bütün beynəlxalq uçuşları dayandırıb. Böyük Britaniyada mutasiyaya uğramış koronavirusun sürətlə yayılması ilə əlaqədar Gürcüstan son 14 gündə adıçəkilən ölkəyə səyahət tarixçəsi olan bütün vətəndaşları karantinə alacaq.