BAKI, 22 dekabr - Sputnik. ABŞ Suriya prezidenti Bəşər Əsədin xanımına və onun yaxın qohumlarına qarşı yeni sanksiyalar tətbiq edib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo bildirib.
O qeyd edib ki, Dövlət Departamenti Suriya münaqişəsinin siyasi yolla həllinin tapılması səylərinə maneə törətdiyinə görə Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədə qarşı sanksiya tətbiq edir.
"Əsma Əsəd rejimin maraqları naminə qondarma xeyriyyəçilik və sivil təşkilatlar vasitəsilə iqtisadi və siyasi hakimiyyəti birləşdirmək cəhdlərinə rəhbərlik edib", - dövlət katibi deyib.
Vaşinqton bəyan edib ki, sözügedən sanksiyalar prezidentin həyat yoldaşı ilə yanaşı onun "suriyalıların əzabları hesabına" zənginləşən dörd yaxın qohumuna da təsir edəcək.