BAKI, 21 dekabr — Sputnik. İspaniyada fəaliyyət göstərən Azərbaycan-İspaniya Ticarət və Mədəniyyət Assosiasiyasının (ACAE) prezidenti Fərid Mustafayev İspaniyanın məşhur "COPE Espana" radiosuna müsahibə verib.
Sputnik Azərbaycan xəbər verir ki, müsahibədə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində böyük işlər gördüyü, gələcəkdə buranın ciddi turizm mərkəzinə çevriləcəyi vurğulanır. İspan turistlər gələcəkdə Azərbaycanın gözəl guşələrindən olan Qarabağa dəvət edilib.
Jurnalistin Qarabağ münaqişəsi haqqında sualını cavablandıran F.Mustafayev deyib ki, Ermənistanın işğalçı siyasəti nəticəsində problem 30 ilə yaxın bir müddətdə davam edib. O, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini xatırladaraq Ermənistanın beynəlxalq hüququn normalarını heçə sayıb bu sənədlərə əməl etmədiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan sülh tərəfdarıdır, erməni işğalçılarının sülh yolu ilə Azərbaycan torpaqlarını tərk etməsi üçün uzun illər danışıqlar prosesini davam etdirib. Amma Ermənistan danışıqlar prosesini pozaraq Azərbaycana hücum edib. Əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad edib. Bununla da Azərbaycan Ordusunun nə qədər qüdrətli olduğunu bütün dünyaya göstərib.
F.Mustafayev bildirib ki, hazırda Azərbaycan işğaldan azad edilmiş ərazilərdə böyük abadlıq, quruculuq işlərinə başlayıb. O, Azərbaycanın ayrılmaz tarixi ərazisi olan Qarabağın turizm potensialı barədə də geniş məlumat verib.