İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 21 dekabr — Sputnik. Gizir Sadıqlı İbrahim Şahin oğlunun xatirəsinə...
44 günlük müharibə... Qələbə... Şəhidlər... Bu gün şəhid ailələri övladlarının torpaq uğrunda şəhid olduğu üçün fəxr edir. Çünki biz onların şəhidliyi ilə qələbə qazandıq...
Şəhid Sadıqlı İbrahim Şahin oğlu 1993-cü ildə iyunun 28-də Bakı şəhərində anadan olub.
Uşaqlıqdan hərbi sahəyə marağı olan İbrahim 2016-cı ildə Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb. Xidmət etdiyi dövrdə dəfələrlə müxtəlif fəxri fərmanlar və medallarla təltif edilib.
İbrahimin qardaşı Vüqar Sputnik Azərbaycan-a danışarkən bildirib ki, İbrahim 2018-ci ilin sentyabr ayından 2019-cu ilin yanvar ayının sonuna kimi Çin Xalq Respublikasinda snayper kursu keçib. Bu zaman o, 50 ölkə arasında ikinci yer tutaraq Azərbaycan bayrağını yüksəklərdə dalğalandırıb.
"Sentyabrda II Qarabağ müharibəsi başlayan zaman İbrahim Kəlbəcər, Cəbrayıl, rayonları istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. İbrahim Cəbrayıl istiqmətində gedən döyüşlərdə adsız yüksəkliklərdə düşmən üçün döyüş çəkilişi apararaq koordinatları verən şəxsi yaxalaya və əsgər yoldaşlarını xilas edə bilmişdi", - deyə qardaşı danışır.
Onun sözlərinə görə, İbrahim oktyabrın 3-də Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı yaralı döyüş yoldaşlarını döyüş meydanından çıxaran zaman şəhid olub: "Ölümündən sonra Ali Baş Komandan qardaşımı "Qarabağ" ordeni ilə təltif etdi. Döyüş yoldaşları danışırlar ki, qardaşım döyüşlər zamanı 60-a yaxın ermənini məhv edib. Onlar danışırlar ki, İbrahim Ağdərədə, Kəlbəcərin strateji yüksəkliklərinin azad olunmasında, Füzuli və Cəbrayıl istiqamətində döyüşlərdə qəhrəmanlıq göstərib".
Vüqar bildirir ki, İbrahim mərd, təmiz ürəkli, dinə bağlı insan olub.
"Zəhmətkeş idi. Çalışırdı hamının əlindən tutsun, yardım etsin. Ailə həyatı qurmurdu ki, "Qarabağ işğaldan azad edilsin, sonra evlənəcəyəm". Hər zaman ailəmizə dayaq idi. Həm mənəvi, həm maddi cəhətdən dəstəyimiz idi. Hər zaman da şəhid olmağı arzulayırdı".
İbrahimin ürəyində bir arzusu da olub. Hər zaman deyirmiş ki, "əgər şəhid olsam, məni tanıdın".
Tanı Azərbaycan, şəhidini. O, səni sevdiyi üçün canını fəda etdi.