BAKI, 21 dekabr - Sputnik. "Xalq Bank" ASC-nin "Xalq Əmanəti" layihəsi çərçivəsində sayca iyirminci nəşri də bu böyük şairə - müasir Azərbaycan poeziyasının klassiki, Xalq şairi Zəlimxan Yaqubun yaradılıcılığına həsr olunub. Xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyan bu layihə çərçivəsində təqdimatı keçirilən "Zəlimxan Yaqub. Seçilmiş əsərləri" toplusunda şairin poetik irsi, yaradıcılığının müxtəlif mərhələləri geniş şəkildə əks olunub. Topluda şairin tərcümeyi-halı da yer alıb, ürəyinin sevgisindən güc alan qələmindən süzülən şeirlər də, adına dastan dediyi poemalar da, nadir fotolar da...
Nəşrin Xalq Bankda keçirilən təqdimatında da təbiəti etibarilə ilhamlı, coşqun, ehtiraslı, geniş milli ictimai-ideoloji dünyagörüşlü şairin Vətəninə, torpağına bağlı olduğu və güc aldığı, xalqımızın folklor təfəkkürünü, yazılı ədəbiyyatın əsas ideyalarını, dilimizin zəngin bədii imkanlarını dərindən mənimsəyərək həyatını vətənimizin, milli-mənəvi dəyərlərimizin tərənnümünə həsr etdiyi qeyd edildi. Tədbir iştirakçıları Zəlimxan Yaqubla bağlı bir kitaba, bir ömrə sığmayan, coğrafiya tanımayan xatirələrindən danışdılar. Qədim Borçalının Kəpənəkçi kəndindən Bakıya və Azərbaycanın hər bir guşəsinə, daha sonra Təbrizə, Tbilisiyə, Türkiyəyə, ümumən bütün Turan dünyasına uzanan yollarından, hər görüşündə xalqın qəlbinə salınan sevgi körpülərindən söhbət açdılar.
Qeyd edildi ki, onun kimi Azərbaycanı bölgə-bölgə, oba-oba, oymaq-oymaq gəzən, mənsub olduğu xalqı sevərək öyrənən və özü dediyi kimi, "xalqla nəfəs-nəfəsə dayanan, ünsiyyətə girən, dərdlinin həmdərdi, söhbətcilin həmsöhbəti" olan şair tapmaq çətindir. Ona görə də Zəlimxan Yaqubu məhəbbət şairi də, Tanrısına və sevgisinə könül verən şair də, "Dəniz kimi dalğalan türk, çalxan türk"- kimi misralarına görə türk dünyasının şairi də, vətənpərvər şair də, ana dilinin şairi də, gücünü torpaqdan, el-obadan alan qələm adamı da, sufi-təsəvvüf, irfan şairi də adlandırırlar. Bütün bu dəyərlərin fonunda Zəlimxan Yaqub böyük Vətəndaş şairdir - xalqına ürəkdən, canı-qanı ilə bağlı olan, onun ruhunun tərcümanına çevrilən söz adamıdır. Yaradıcılığının Gürcüstanın ali mükafatı olan "Şərəf" ordeni ilə qiymətləndirilməsi şairin ölkəmizin hüdudlarından kənarda da geniş şöhrət qazanmasının təsdiqidir. Ölkəmizin "Xalq şairi" kimi mötəbər bir fəxri ada layiq görülməsi, müstəqil Azərbaycan dövlətinin "Şöhrət", "Şərəf" ordenləri ilə təltif olunması, iki dəfə Milli Məclisə üzv seçilməsi da təkcə vətəndaş şair kimi milliliyə köklənən yaradıcılığına verilən qiymət deyil, həm də daim xalqla ünsiyyətdə olan və bundan hədsiz ruhlanan bir insanın Vətəni qarşısında xidmətlərinə verilən dəyər idi.
Kitabın təqdimatı pandemiya ilə bağlı çox dar çevrədə keçirilib. Tədbirdə millət vəkili, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Yazıçılar Birliyinin üzvü, "Ədəbiyyat" qəzetinin baş redaktoru, kitabın həmtərtibçisi Azər Turan, Zəlimxan Yaqubun yaradıcılığının tədqiqatçısı, Azərbaycan Aşıqlar Birliyinin katibi, toplunun həmtərtibçisi Musa Nəbioğlu, nəşrin redaktoru şair Səlim Babullaoğlu və şairin ailə üzvləri iştirak ediblər.