BAKI, 21 dekabr - Sputnik. Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
Sputnik Azərbaycan bildirir ki, Azərbaycanın Xalq artisti Səfurə İbrahimova dünyasını dəyişib. Bu barədə məlumatı jurnalist Əli Novruzəliyev verib.
Qeyd edək ki, aktrisa uzun illər özünə qapanmışdı, evindən çıxmır, hətta sənət dostları ilə görüşmək istəmirdi.
Səfurə Ağabala qızı İbrahimova 1938-ci il dekabrın 27-də Bakıda doğulub. Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib, Akademik Milli Dram Teatrında işləyib. Onlarla teatrt tamaşasında, filmlərdə rol alıb.
1974-cü ildə Azərbaycan SSR əməkdar artisti fəxri adı, 1984-cü ildə Azərbaycan SSR dövlət mükafatı,
2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin II dərəcəli mükafatı, 2002-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adı, 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Onun "Sevil", "Arşin mal alan", "Alma almaya bənzər", "Qaynana" və s. filmlərdə yaratdığı bənzərsiz obrazları hər kəsin xatirində yaşayacaq.
Allah rəhmət eləsin!