BAKI, 21 dekabr - Sputnik. İnsan stres və ya qıcıq halında olarkən onun üçün vaxt gec keçir. Bu, oğrular və yalançılar üçün zamanın keçmə hissinin adi adamlardan fərqli olmasını izah edir.
Sputnik Azərbaycan bildirir ki, belə bir kəşfi yapon alimləri ediblər. Onların tədqiqatının nəticələri Biological Psychology-də dərc olunub.
Eksperiment zamanı İdzumi Matsuda və Hirosi Nittono tələbələrdən auditoriyadan hansısa bir əşyanı oğurlamağı xahiş ediblər. Motivasiya üçünsə bildiriblər ki, əgər kimin oğurluğunu aça bilməsələr, ona 500 yen verəcəklər. Sonra onlara ekranda müxtəlif əşyaların şəklini göstərərək onlardan həmin əşyanı oğurlayıb-oğurlamadıqlarını soruşublar.
Bu zaman eksperiment iştirakçılarına digər əşyalarla yanaşı, onların oğurladıqları əşyaların şəklini də göstəriblər. Sonra alimlər tələbələrdən bu və ya digər şəklin ekranda nə qədər müddət qaldığını təyin etmələrini istəyiblər.
İştirakçıların isə dərilərinə xüsusi sensorlar yapışdırıblar. Ekranda oğurladığı əşyanı görənlərin sensorları güclü əsəb gərginliyi qeydə alıb. Bundan başqa, həmin tələbələrə elə gəlib ki, şəkillər ekranda daha uzun müddət qalıb.
"Əgər siz nəyisə gizlətməyə çalışırsınızsa, vaxt sizinçün normal vəziyyətdən daha gec keçir, çünki siz qıcıqlanır və həddən artıq ehtiyatlı olursunuz", - mütəxəssislər izah ediblər. Ancaq onlar əlavə ediblər ki, real şübhəlilərin sorğu-sual edilməsi zamanı ümumiyyətlə günahı olmayan adamlar da eyni nəticəni göstərə bilərlər, buna isə güclü stress səbəb ola bilər.