Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 21 dekabr — Sputnik. Artıq on aydır ki, Azərbaycanda pandemiya şəraiti davam edir. Bu vəziyyət ölkə iqtisadiyyatı ilə yanaşı, insanların gəlir və qazanclarına da təsirsiz ötüşməyib. Havaların soyuması ilə karantin qaydaları ölkə üzrə daha da sərtləşdirilib. Bəzi sahələrin fəaliyyəti tamamilə dayandırılıb.
Bir sözlə, insanların gəlirləri xeyli aşağı düşüb, bəzi sahələrdə bu rəqəm 0-a bərabər olub. Havaların soyuması isə qaza, işığa tələbatı artırıb, gəliri sıfır olan ailələr bu gün belə ödənişləri etmək qabiliyyətində deyil. Belə olan halda bəzi kommunal ödənişlər üzrə limitin aradan qaldırılması məsələsi yenidən gündəmə gətirilir.
Maraqlıdır, qaz və işığa görə limit aradan qaldırıla bilərmi?
Millət vəkili Musa Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Ötən ilin yazında cənab prezidentin göstərişi ilə bu məsələyə baxıldı, qaz və işığın limiti bir qədər artırıldı. Qeyd edim ki, "Azəriqaz" ASC və "Azərişıq" ASC özü-özünü maliyyələşdirən təşkilatlardır. Yəni belə olan halda, limit aradan götürülərsə, qaz və işığın pulunu dövlət büdcəsindən verməli olacağıq".
Millət vəkili deyir ki, məhz bu nüanslar nəzərə alınaraq bir qədər qənaət yolu seçilməlidir. O ehtimal edir ki, bu məsələdə ünvanlı yanaşma da ola bilər:
"Düşünürəm ki, sosial müdafiə təminatına daha çox ehtiyacı olan şəxslərə yönəlik bu addımı atmaq olar. Dağlıq yerlərdə yaşayanları və bu şəxslərin gəlirlərini nəzərə almaqla bu məsələyə differensial şəkildə nəzər yetirmək olar. Belə hesab edirəm ki, işləməyən kateqoriyadan olan şəxslər, daimi işi, rəsmi qaydada əmək müqaviləsi olmayan, işini davam etdirə bilməyən ailələrə sosial müavinətin verilməsi daha doğru yoldur".
"Lakin ümumilikdə bütün əhali üçün olan bu limitlərin aradan götürülməsi məsələsinin ölçülüb-biçilməsinə ehtiyac var. Yəni bu addım büdcəyə neçəyə başa gələcək, bundan başqa, bunun effektivliyi nə qədər olacaq kimi məsələlər nəzərdən keçirilməlidir", - deyə millət vəkili əlavə edib.
Millət vəkili bildirir ki, ümumi əhali qrupu üzrə limit götürülərsə, yaranmış fərqi dövlət büdcəsi ödəmiş olacaq. Musa Quliyev bildirir ki, indiki vəziyyətdə həmin vəsaiti bir sıra önəmli istiqamətlərə, məsələn, elə koronaviruslu xəstələrin müalicəsinə, dərmanla təchizatın yaxşılaşdırılması, testlərin qiymətinin aşağı salınmasına yönəltmək olar.
İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında pandemiya dövründə bəzi ölkələrin, xüsusən də qonşularımızın təcrübəsindən danışıb: "Pandemiya dövründə bir sıra ölkələrdə, o cümlədən də qonşu Gürcüstanda kommunal xidmətlər bir neçə ay pulsuz oldu. Hökumətlər bilərəkdən bu güzəştləri etdilər. Çünki dövlətlər, hökumətlər yalnız qadağalar qoymaq üçün deyil".
"Azərbaycanda isə uzun zamandır ki, bu məsələ müzakirə olunur. Azərbaycan kimi öz enerji ehtiyatları olan bir ölkədə belə bir limitin qoyulması absurd yanaşmadır. Çünki biz elektrik enerjisinin istehsalını xeyli artıraraq ixracatçı ölkəyə çevrilmişik. Qaz ixracı da ildən-ilə artmaqdadır. Bu səbəbdən öz enerji qaynaqları olan ölkədə əhaliyə satılan enerji də ucuz olmalıdır, Yəqin ki, qiymətlərdə hansısa güzəşt olmayacaq, amma ümumilikdə qaz və işığa qoyulan limitlər tamamilə aradan qaldırılmalıdır", - deyə ekspert bildirib.
Xatırladaq ki, 2019-cu ilin 30 aprel tarixində Tarif Şurasının qərarı ilə əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 2 200 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 2 200 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır. Ölkədə əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kvts. həcmində müddətli artırılıb. Yəni hazırkı durumda ölkədə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün tarif 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.