BAKI, 17 dekabr — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, dekabrın 14-dən tətbiq edilən sərtləşdirilmiş karantin rejimi nəqliyyat və sərnişin axınlarına təsir edib. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Sputnik Azərbaycan-a bildirib ki, dekabrın ilk ongünlüyü ilə müqayisədə son 3 gündə (14,15 və 16 dekabr tarixlərində) gündəlik sərnişin axını 40%-dək azalıb.
"Belə ki, sərt karantin rejiminin tətbiqinə qədər gündəlik sərnişin səfər sayı 1900000-2100000 arasında dəyişirdisə, hazırda bu rəqəm 1200000-1300000 səviyyəsindədir. Gündəlik sərnişin axınının əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq gündəlik xəttə çıxan avtobus sayında ciddi dəyişiklik edilməyib. Mövcud epidemioloji vəziyyət nəzərə alınaraq dekabrın ilk ongünlüyündə olduğu kimi bu gün də xətlərə 1900-2000 arası avtobus çıxarılır".
M.Ağayev qeyd edib ki, küçə və prospektlərdə nəqliyyat vasitələrinin sayında da müəyyən qədər azalma müşahidə olunur. "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına əsasən, dekabrın ilk on günü ilə müqayisədə gündəlik nəqliyyat axını 33%-dək azalıb. Lakin bəzi hallarda karantin postlarının ətrafında yaranan sıxlıqlar müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkətində çətinliklər yaradır. Bunun üçün də bir daha fərdi avtomobil sürücülərindən xahiş edirik ki, postlara yaxınlaşan zaman hərəkətlərinə icazə verən sənədlərini hazır etsinlər və sağ hərəkət zolağını ictimai, eləcə də operativ nəqliyyat vasitələri üçün boş saxlasınlar. Həmçinin, bir daha sərnişinlərimizdən mütləq qaydada tibbi maskadan istifa etmələrini xahiş edirik".