Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 17 dekabr — Sputnik. Nur şəhərində dünyaya göz açmışdılar nur üzlü şəhidlər. Turalın 26, Musanın 25 yaşı vardı şəhidlik zirvəsinə ucalanda. Vətən müharibəsi başlayan kimi Mingəçevirdə böyüyən qardaşlar könüllü olaraq cəbhəyə yollanırlar. Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüşlərə qatılırlar.
Valideynləri övladları ilə oktyabrın 1-nə qədər danışa bilirlər. Ondan sonra hər iki qardaşla əlaqə kəsilir. İlk olaraq Musanın şəhid xəbəri gəlir. Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində şəhidlərin anası Nəhayət Həsənova kiçik övladını dəfn etdikdən sonra Turalın sağ olduğuna inandığını deyib:
“Noyabrın 4-də xəbər gəldi ki, Musa Həsənov qəhrəmancasına tankda yanaraq həlak olub. Kiçik oğlumu ayın 5-i günü dəfn elədik. Böyük oğlum Turalla təsəlli tapırdım özümə, bəlkə, Tural gələr, mənim üçün təsəlli olar. Dekabrın 8-i isə xəbər gəldi ki, Tural qəhrəmancasına döyüşdə həlak olub. Ümidlərimin hamısı puç oldu. Balalarımdan qalan isə yalnız dörd nəvəm oldu - iki oğul Turalın, iki qız Musanındır. Vətən sağ olsun!”
İki oğlunu vətən uğrunda şəhid verən Tapdıq Həsənov özünü toparlaya bilmir. Övladlarından söz düşən kimi kövrəlir. O, Tural və Musanın müharibə başlayan kimi təkid edərək döyüşə getdiklərini deyir: “Sentyabrın 28-də danışmışdıq sonuncu dəfə. Mənə dedilər, ata, özünə yaxşı bax. Dedim, ay bala, heç olmasa, biriniz gedərdiniz... Allah bütün şəhidlərə rəhmət eləsin. Daha nə deyim?!”
Uşaqlar atalarının şəhid olduğunu hələ dərk etməsələr də nənə-babanın, qohum-əqrəbanın əhvalını hiss edir, göz yaşlarını görürlər. Onlar atalarının şəkillərini öpüb, nə vaxtsa qayıdacaqlarına inanırlar.
Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində şəhidin həyat yoldaşı Rəbiyyə Həsənova Turalın döyüşə gedərkən şəhid olacağını hiss etdiyini deyib.
"Çıxanda gəldi görüşdü, balalarının üzündən öpdü. Dedi, muğayat ol uşaqlardan. Gedəcəm, üçrəngli bayrağımıza bürünüb gələcəm. Başını dik tutarsan, sənə şəhid yoldaşı deyəcəklər. Tabuta bükülən bayrağı Hüseynə (kiçik oğlu - red.) verərsən, sən isə heç vaxt başını aşağı əymə. Vətən uğrunda gedənlərdən əskik deyiləm ki..." - şəhid xanımı Turalın vəsiyyətini bölüşür.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan qardaşlar ölkə başçısının imzaladığı sərəncama əsasən, “Vətən uğrunda” medalı ilə təltif ediliblər.