BAKI, 16 dekabr — Sputnik. “Səhiyyə sahəsində çatışmazlığı daha çox münaqişə bölgələrinə yaxın ərazilərdə, xüsusən də Tərtər və Ağdamda müşahidə etdik. Bu ərazilərdə uzun illərdir münaqişə ilə əlaqədar olaraq gərginlik var. İnsanların o yerlərə gedib özlərini təhlükəsiz hiss etmələri və səhiyyə xidmətləri göstərmələri üçün şərait də çətindir".
Sputnik Azərbaycan-ın xəbərinə görə, ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bu gün jurnalistlər üçün keçirilən onlayn brifinqdə belə deyib.
ÜST rəsmisi bu gün cəmiyyəti daha çox maraqlandıran məsələlərdən birinə də toxunub. O bildirib ki, hazırda ÜST-ün COVID-19 xəstəliyi üçün tövsiyə etdiyi spesifik bir dərman yoxdur: "Tövsiyə edilən dərmanların demək olar ki, hamısı simptomatik müalicə üçün lazımlıdır. Məsələn, temperatur varsa, onun azaldılması, öskürəyi azaltmaq, ağrılara qarşı ağrıkəsicilər kimi dərmanlardan istifadə olunur. Lakin konkret olaraq bu virusu öldürən və yoluxan şəxsi sağaldacaq konkret bir dərman yoxdur”.
"Orqanizmə əlavə mikroblar, bakteriyalar da düşürsə, bu zaman müxtəlif antibiotiklərin istifadəsi zəruri olur. Lakin həkim məsləhəti olmadan aptekdən antibiotik alıb istifadə etmək düzgün deyil. Bu virus bitəcək. Dünyada indiyə qədər də bir çox pandemiyalar olub”.