BAKI, 15 dekabr — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan bu günlərdə bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanla əlaqə saxlayaraq qoşunları onun təlimatı ilə Yerevana yeritməyə hazır vəziyyətdə saxlamağın lazım olduğunu bildirib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistan mətbuatı Müdafiə Nazirliyinə istinadən bildirir.
"Ermənistan Baş Qərargah rəisi bunun məqsədi barədə maraqlanıb, cavab olaraq Paşinyan "xüsusi obyektlərin mühafizəsi üçün" deyib. Qasparyan öz növbəsində bəyan edib: "Mən Baş Qərargah rəisi olduğum vaxt ordu ölkədaxili proseslərə müdaxilə etməyəcək və şəhərə yeridilməyəcək".
Söhbət bitəndən sonra Ermənistan Baş Qərargah rəisi müdafiə naziri Vaqarşak Arutunyanla danışıb və deyib ki, əgər baş nazir bu məsələ ilə bağlı ona müraciət etsə, Paşinyan müdafiə nazirindən də eyni cavabı alsın.
Müdafiə naziri Baş Qərargah rəisinə söz verib ki, Baş nazir Paşinyanla danışacaq. Lakin müəyyən müddət sonra Vaqarşak Arutunyan Onik Qasparyana zəng edərək bildirib ki, hüquqi cəhətdən Baş Qərargah rəisi haqlıdır, lakin əmr gəlsə, onlar əmrə tabe olmalı və Yerevana ordu yeritməlidirlər".
Nəşr yazır ki, Onik Qasparyan bir daha bildirib ki, nə qədər ki, o, Baş Qərargah rəisidir, qoşunlar şəhərə yeridilməyəcək. Qasparyan bəyan edib ki, ordunu ölkə daxili proseslərin iştirakçısı və Ermənistan rəhbərliyinin silahı etmək niyyətində deyil.