BAKI, 15 dekabr — Sputnik. COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, dekabrın 14-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 51 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb.
Tibbi qaydalar gözlənilməklə onlardan 48 nəfər evə qaytarılıb, 3 nəfər xəstəxanaya yerləşdirilib.
37 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.