BAKI, 15 dekabr — Sputnik. Bakı-Tbilisi-Qars dəmiryolunun sərnişin və yükdaşıma həcmi artırılacaq. Sputnik Azərbaycan-nın TRT Haber-ə istinadla yaydığı xəbərə görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu məlumat verib. Onun sözlərinə görə, hazırda illik daşıma həcmi 1 milyon sərnişin və 6,5 milyon ton yük olan dəmiryolu xətti ilə 2024-cü ildə sərnişin daşımalarının həcminin 3 milyon nəfərə, yük daşımalarının həcminin isə 20 milyon tona çatdırılması planlaşdırılır. Beləliklə də Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Türkiyənin sərnişin və yük daşımalarındakı payı 5 faizdən 10 faizə qədər artacaq.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmiryolu xətti 2017-ci ilin oktyabr ayında istismara verilib. Bu dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı, Gürcüstanın paytaxtı Tbilisi və Axalkalaki şəhərlərindən keçməklə Türkiyənin Qars şəhərində başa çatır. Layihə Türkiyəni Azərbaycanla (həmçinin Mərkəzi Asiya və Çini Avropa ilə) dəmiryolu vasitəsilə birləşdirmək məqsədi daşıyır.