BAKI, 14 dekabr - Sputnik. Tehranda Dağlıq Qarabağ və müqavimət şəhidlərinin anım mərasimi keçirilib.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Tehranın Həzrət Əbdüləzim Həsəni (ə) ziyarətgahının Şeyx Səduq konfrans zalında keçirilən mərasimdə İran və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Mərasimdə ölkə rəsmiləri, yüksək rütbəli hərbçilər, parlament sədrinin köməkçisi Hüseyn Əmir Abdullahian, parlamentin üzvləri, İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandir müavini general Məhəmməd Hicazi, cümlədən Tehranın İmam Cüməsi Höccətül-islam Siddiqi, İranda yaşayan azərbaycanlılar, qatılıblar.
Mərasimdə Qarabağda şəhid olmuş bütün azərbaycanlı hərbçilərin siyahısı, İranın Ali Lideri Ayətullah Xameneinin Ermənistanın Azərbaycanın işğal olunmuş torpaqlarını tərk etməsinin vacibliyi ilə bağlı çıxışı iştirakçılara nümayiş olunub.
Höccətül-İslam Siddi Qarabağ müharibəsində şəhid olanların xatirəsini yad edərək bildirib ki, onlar öz qorxmazlığı və canından keçmələri ilə Azərbaycana izzət və başucalığı gətirdilər:
“Həm də İran azərbaycanlılarını sevindirdilər. Şəhidlər heç vaxt unudulmur, Şəhidin qanı həmişə qaynayır və firavanlıq yaradır. Azərbaycanda gənclər öz canlarını verdilər və torpaqlarını azad etdilər. Bizim rəhbərimiz Azərbaycanı rəsmi şəkildə dəstəklədi və bildirdi ki, Qarabağ Azərbaycanındır və Azərbaycana qaytarılmalıdır. Ermənistan işğal etdiyi torpaqları geri qaytarmalıdır. Bu gün bu qələbə yalnız Azərbaycanın qələbəsi deyil, həm də İslamın qələbəsidir”.