İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 12 dekabr — Sputnik. Pirşağı Bakının qədim kəndlərindən hesab edilir. Kənd dəniz kənarında yerləşir. Bəzi tarixi məlumatalara görə, Pirşağı XVII əsrdən formalaşmağa başlayıb.
Kənddə müxtəlif tarixi abidələr olsa da, onlardan bəziləri zamanla aşınmaya uğrayıb və sıradan çıxıb.
Pirşağıda baxımsız diqqətdən kənarda qalan, dağılıb, uçulmaq üzrə olan tarixi abidələrdən biri də adınaməlum olan hamamdır. Bəli, nə qədər qəribə olsa da, Pirşağıda haqqında heç yerdə məlumat olmayan bir hamam var. Nə zaman tikildiyi də məlum deyil. Məlum olan bircə odur ki, hazırda ətrafını kimsə hasarlayıb, hamamın olduğu ərazini özəlləşdirib.
Hamamın adı məlum olmadığına görə, "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na daxil edilməyib.
Yəni, hamam tarixi abidə sayılmadan, önəmsənmədən məhv olub gedir.
Tarixçi Faiq Nəsibli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Abşeronda orta əsrlərdə çoxlu sayda hamamlar tikilib. Lakin bu günə qədər çox az sayda hamam qalıb.
Onun sözlərinə görə, Abşeronun yaşayış və ictimai tikililəri arasında yaşayış məntəqləinin planlaşdırılmasında və abadlaşdırılmasında hamamlar dini binalardan sonra aktiv rol oynayıb.
Onlar əhaliyə xidmət göstərən gigiyena obyektlri olmaqla yanaşı həm də çox funksiyalı təyinata malikdirlər.
"Mədəni-məişət təyinatlı obyektlər olan hamamlar Abşeronda yalnız yaşayış məntəqlərində deyil, həm də Bakı şəhərinin və ətraf kəndlərin əhalisinin aprel-noyabr aylarında yaşadığı bağ ərazilərində də çox geniş yayılıb" - deyən tarixçı bildirib ki, Abşeronun yaşayış yerlərində planlaşmanın və tikintinin hamamlarla zənginliyi onların yalnız gigiyena obyektləri kimi əhəmiyyətli olmadıqlarını göstərir.
Belə ki, onlar həm də maddi-məkan mühitlərinin elementlərinin tikinti-arxitektura cəhətdən formalaşmasının mühüm amilləridir.
F.Nəsibovun sözlərinə görə, Abşeron hamamları iki üslubda tikiliblər və ikinci üslubu əvvəlkindən daha çox yayılıb. Belə ki, ikinci üslub hamamlarda birinci üslub hamamlaırn planlaşma və mövqeyi, texnoloji üsullarını qoruyub saxlanılıb. İkinci növ hamamlar özünün memarlıq kompazisiyası və həcmli məkan sistemlərinə malikdir.
Pirşağıda olan hamam uzununa tikilib və dördbucaq formalıdır. Hamam köməkçi və əsas otaqlara bölünüb.
"Soyunma otağı isti və soyuq sulu xəznə sistemi daxili planlaşmanın tərkibinə qatılıb. Planda zallar çarpazvari forma yaradır, bucaqları günbəzaltı məkanı saxlayan dayaq elementləri kimi çıxış edir. Tağların oxvari formaları sərbəst şəkildə ucalan günbəzlərin yerləşməsi dördbucaqlı zəmin yaradır" - deyə tarixçi qeyd edib.
F. Nəsibov həmçinin bildirib ki, adı naməlum olan bu hamam haqqında onun qızı Ayan Nəsibli kurs işi yazıb. Və hamamın bərpa layihəsini hazırlayıb.
Qeyd edək ki, bir çox tarixi abidələrimiz zamanla məhv olub, sıradan çıxıb. Bu səbəbdən də qalan abidələr qorunub saxlanılmalıdır.
Azərbaycan tarixinin dünyaya çatıdırlmasında tarixi abidələrin mühüm rolu var. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Dövlət mühafizəsinə götürülməsi üçün yeni aşkar olunmuş tarixi abidə kimi siyahıya salınıb.