BAKI, 12 dekabr — Sputnik. Dünyaca məşhur rejissor Kim Ki Duk Latviyada ölüb.
Sputnik Azərbaycan xəbər verir ki, rejissor noyabrın 20-də Latviyaya gedib, dekabrın 5-dən isə onunla əlaqə yaratmaq mümkün olmayıb.
Qeyri-rəsmi məlumatlara görə, Duk Yurmalada ev alaraq, yaşayış icazəsi üçün müraciət etmək niyyətində idi, ancaq planlaşdırılmış iclasa gəlməyib. Həmkarları onu xəstəxanalarda axtarmağa başlayıblar.
O da bildirilir ki, Cənubi koreyalı kinematoqrafçı koronavirusun yaratdığı fəsadlara görə dünyasını dəyişib.
Kim Ki Duk 2004-cü ildə "Samariyalı Qız" filmi ilə "Berlin Beynəlxalq Film Festivalı"nda, "Boş Ev" filmi ilə də "Venesiya Kino Festivalı"nda "Ən yaxşı rejissor" mükafatını alıb. 2011-ci ildə "Arirang" filmi ilə "Kann Film Festivalı"nın "Un Certain" mükafatları bölümündə "Ən yaxşı film" mükafatını qazanıb.