BAKI, 12 dekabr — Sputnik. Fransa sakini "EuroMillions" lotereya oyununda nə az, nə çox, düz 200 milyon avro udub. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu həm Fransa tarixində, həm də lotereya oyununun Avropada mövcud olduğu dövrdə qeydə alınan ən böyük uduş məbləğidir. Bundan əvvəlki Avropa rekordunu 1919-cu ildə 190 milyon avro ilə Böyük Britaniyadan olan şəxs qazanmışdı. Fransada isə 170 milyon avroluq ən böyük lotereya uduşu 2012-ci ildə qeydə alınıb.
"Lotereya biletinin sahibi olan fransız cümə günü "EuroMillions"-un 200 milyon avroluq cekpotunu qazanıb", - qurumun saytındakı məlumatda belə deyilir. O da qeyd olunur ki, uduşa düşmüş biletin sahibinin gəlib ona çatacaq pulu alması üçün 60 gün vaxtı var.
Lotereya operatoru Française des Jeux-un (FDJ) sözçüsü İzabel Çezari isə Fransanın LCI kanalına verdiyi açıqlamasında qalibin hələ qurumla əlaqə yaratmadığını bildirib. Odur ki xoşbəxt biletin sahibinin kim olduğu hələlik məlum deyil.
"EuroMillions" lotereya oyunu 2004-cü ilin 13 fevral tarixindən üç ölkədə keçirilməyə başlanıb: Fransa, İspaniya və İngiltərə. Həmin ilin oktyabr ayından daha 6 ölkə (Lüksemburq, Belçika, İsveçrə, Portuqaliya, İrlandiya və Avstriya) bu oyuna qatılıb.
Bu ölkələr arasında yalnız İsveçrədə lotereya uduşlarından vergi tutulur.
Bir lotereya biletinin qiyməti 2,5 avrodur. Ümumilikdə lotereyada təxminən 200 milyon insan iştirak edir.