BAKI, 11 dekabr — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında arabir çiskinli yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Dekabrın 12-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında yağıntılı, ayrı-ayrı yerlərdə isə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-4, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacaq.
Tibbi-meteoroloji proqnoza gəldikdə isə dekabrın 12-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, havada rütubətliliyin bir qədər çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər.