BAKI, 11 dekabr — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər sakini Ə.Quliyev saxlanılıb.
Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin məlumatına istinadla xəbər verir ki, şəxşi axtarış zamanı ondan 2 ədəd bıçaq aşkarlanıb. Ə.Quliyevə məxsus "Niva" markalı avtomobilə baxış zamanı isə oradan "AK-74" markalı avtomat, patron sandığı və 27 ədəd patron aşkar edilərək götürülüb.
Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb.