Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 10 dekabr — Sputnik. Əhalinin sağlam və keyfiyyətli un-çörək məhsulları ilə təmin edilməsi üçün xammalın keyfiyyətinin artırılmasına nəzarəti həyata keçirəcək yeni, sərtləşdirilmiş tələbləri ehtiva edən AZS 888:2020 "Buğda. Texniki şərtlər" dövlət standartı təsdiq edilib. Yeni standart keyfiyyətli buğdanın tədarükü (saxlanma) prosesinə nəzarəti də təmin edəcək. Sputnik Azərbaycan xəbər verir ki, dövlət standartı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Standartlaşdırma İnstitutu publik hüquqi şəxs tərəfindən hazırlanıb.
Bəs buğdanın yeni keyfiyyət standartının təsdiq olunması əhalinin keyfiyyətli un-çörək məhsulları ilə təmin edilməsinə necə təsir edəcək?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, burada söhbət həm standartların tətbiq edilməsindən, həm də keyfiyyət standartlarının qorunub saxlanmasından gedir: "İstehsal edilən taxıl keyfiyyət standartlarına uyğun olaraq istifadə olunur. Çünki elə istehsal olunan taxıllar var ki, onların xüsusən də yeyinti sənayesində və ya çörəkbişirmədə istifadə olunması arzuolunan deyil və yaxud icazə verilmir. O baxımdan yeni standartların müəyyən edilməsi həm də çörək məhsullarının keyfiyyətinin müəyyən edilməsi baxımından vacibdir. Bu, istehsal edilən çörəyin keyfiyyət növünə görə qruplaşdırılması, eləcə də hansı taxıl və buğda növlərindən çörəkbişirmədə istifadə olunmasının mümkünlüyünün təsdiq olunması anlamına gəlir".
Deputatın sözlərinə görə, belə standartların olması vacibdir: "Çünki bunların olması və eyni zamanda mütəmadi olaraq təkmilləşdirilməsi həm də bizdə bu sahədə standartların beynəlxalq standartlara çatdırılması baxımından vacib hesab olunur. Bu addım istehsal prosesindəki keyfiyyətə birbaşa təsir göstərən addımdır və güman olunur ki, həm yerli istehsal olan, həm də ölkəyə gətirilən məhsullar ilə bağlı keyfiyyət standartlarına birbaşa təsir göstərəcək. Bu da istehsal prosesində yeni keyfiyyət standartlarının təkmilləşdirilməsinə imkan yaradacaq".
İqtisadçı, Azərbaycan Dövlət İqtisad Universitetinin İnnovativ Biznes-İnkubatorunun direktoru Mircavid Həsənov isə Sputnik Azərbaycan-a deyib ki, yüksək keyfiyyətli buğdanı Rusiyadan ölkəmizə gətirib əkirik, lakin fermerlərimiz burada həmin keyfiyyəti ala bilmirlər:
"Onun üçün həmin buğda sortlarının ölkəmizdə aqrotexniki standartlara uyğun becərilməsinə də nəzarət etmək lazımdır. Düzgün aqrotexniki qulluq olmayanda bu, buğdanın keyfiyyətinə mənfi təsir göstərir. Məsələn, herbisidləri çox verəndə hətta zəhərlənməyə gətirib çıxarda bilər. Digər bir misal olaraq, bəzi hallarda torpağın analizini götürməyib əkin sahələrinə müəyyən gübrələr verirlər. Burada da gübrənin artıqlığı və ya azlığı buğdanın keyfiyyətini dəyişə bilir. Keyfiyyəti artırmaq üçün düzgün aqrotexniki qulluq olmalıdır".
"Təkcə yüksək keyfiyyətli buğdanın ölkəyə idxalına deyil, yerli təsərrüfatlarda buğda əkinlərinə də nəzarət etmək lazımdır. Torpaqdan analiz götürülürmü, hansı gübrələr verilir və s. Ərzaqlıq buğdanın çox hissəsi xaricdən, əsasən də Rusiyadan, Qazaxıstandan bizə gəlir. Əksər yerli buğdalarımız ərzaqlıq buğda üçün deyil, çünki keyfiyyəti aşağıdır", - deyə o qeyd edib.
O bildirib ki, elə çörək var ki, bişirəndən 2 saat sonra quruyur və ya nəmlik qalır: "Bunlar hamısı unun keyfiyyətindən asılı olan şeylərdir. Ümumilikdə hazırda bizdə çörəyin keyfiyyəti ilə bağlı ciddi problem yoxdur. Lakin əhalinin sağlam və keyfiyyətli un-çörək məhsulları ilə təmin edilməsi üçün xammalın keyfiyyətinin artırılması müsbət addımdır".
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin məlumatına görə, buğdanın əsas keyfiyyət göstəriciləri (natura, qlüten miqdarı, düşmə ədədi, zülal və s.) unun keyfiyyət göstəricilərinə təsir edən əsas faktordur. Yeni standarta görə, 1, 2 və 3-cü sinif ərzaqlıq buğda, eləcə də 4 və 5-ci sinif aşağı keyfiyyətli buğdanın keyfiyyət və təhlükəsizlik tələbləri sərtləşdirilib. 1, 2 və 3-cü sinif buğdaları çörək istehsalında istifadə olunur. 4-cü sinif buğda keyfiyyət göstəricilərinə görə birbaşa un və çörək istehsalına yaramır. Zəif buğda olduğundan daha keyfiyyətli buğda növlərinin qatılması ilə çörəkbişirmə üçün yararlı hala gətirilir. 5-ci sinif buğda isə keyfiyyət göstəricilərinə görə qida üçün yararsız buğda hesab edilir və əsasən heyvandarlıq, quşçuluq və digər sahələrdə istifadə olunur.
Standart layihəsinin müzakirəsində Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak ediblər. Dövlət standartı ölkə ərazisində aparılan elmi-tədqiqat işləri, beynəlxalq, Avropa və regional standartlar əsasında hazırlanıb.