BAKI, 10 dekabr — Sputnik. Bakıda, Azadlıq meydanında Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəyə həsr olunmuş parad keçirilir.
Qələbə paradını Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, iki ölkənin dövlət və hökumət üzvləri, həmçinin diplomatik korpusların nümayəndələri izləyirlər.
Parad Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana raport verməsi ilə başladı.
Azərbaycan və Türkiyə liderləri əsgərləri salamladılar. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildi.
Paradda 3000 nəfərdən artıq şəxsi heyətin iştirakı, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlərin nümayiş etdirilməsi nəzərdə tutulur. Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri də paradda keçid edəcəklər.