Azərbaycan Silahlı Qüvvələrinin bölmələri dekabrın 10-da keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqlərini davam etdirirlər. Artıq bu gündən etibarən Bakı buxtasında lövbər salmış hərbi gəmilər də məşqlərə başlayıb.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət iştirak edəcək, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.
Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.
Parada hazırlıqdan kadrları Sputnik Azərbaycan-ın fotolentində izləyin.