BAKI, 9 dekabr — Sputnik. Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) Azərbaycandan Rusiyaya alma və pomidorun ixracına qadağa qoyması barədə qərarı Bakı üçün gözlənilməz olub. Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"-yə mənbə bildirib.
Mənbə qeyd edir ki, bu qərar texniki səhv ola bilər. O, qeyd edib ki, Azərbaycan artıq məsələ ilə bağlı Rusiya ilə danışıqlara başlayıb və qadağanın aradan qaldırılacağına ümid edir.
Qeyd edək ki, Rosselxoznadzor dekabr ayının 10-dan etibarən Azərbaycandan Rusiyaya alma və pomidorun ixracına qadağa qoyduğunu açıqlayıb.
İdarədən bildiriblər ki, idxal olunan məhsullarda dəfələrlə zərərli orqanizmlər aşkar ediblər və bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat veriblər.
Həmçinin qeyd ediblər ki, təkcə 22 oktyabr tarixindən etibarən xidmətin mütəxəssisləri "Avrasiya İqtisadi Birliyi üçün karantinə alınan obyektlərin - Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdu"nun 17 dəfə aşkarlandığını qeyd ediblər.
"Bununla əlaqədar olaraq, fitosanitar rifahı qorumaq, bu zərərvericilərin Rusiya Federasiyası ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün Rosselxoznadzor 10 dekabr 2020-ci il tarixindən etibarən Rusiyaya Azərbaycan mənşəli pomidor və alma idxalını qadağan etmək məcburiyyətində qalır", - deyə xidmətdən bildirilib.
Azərbaycan Rusiyaya kifayət qədər böyük bitki məhsulları tədarükçüsüdür. Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycandan bu ölkəyə təzə və soyudulmuş pomidor idxalı 172.359 min ton (bu məhsulların ümumi idxalının 30.9 faizi) təşkil edib. Rusiyaya pomidor tədarükünün həcminə görə Azərbaycan birinci yerdədir.