BAKI, 7 dekabr — Sputnik. İslam İnqilab Keşikçiləri Korpusunun komandir müavini Əli Fədəvi nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsi ilə bağlı detalları açıqlayıb. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən yaydığı məlumata görə, o, hadisə zamanı alimin əhatəsində 11 cangüdənin olmasına baxmayaraq belinə dəyən güllənin onurğasını parçalaması nəticəsində həyatını itirdiyini bildirib.
Tehran Universitetində təşkil olunmuş tədbirdə çıxış edən Fədəvi bildirib ki, sui-qəsd yol kənarındakı yük maşınına qoyulmuş və elektron sistemlərlə uzaqdan idarə olunan avtomatik silahla həyata keçirilib. Yük maşını hadisə yerindən 10-15 metr uzaqlıqda olub. Atəş açıldıqdan sonra avtomatik silahı məhv etmək üçün yük maşını partladılıb. Fədəvinin sözlərinə görə, partlayışdan sonra hadisəni araşdırmaq üçün avtomatik silahın sağ qalmış hissələri əsasında onun elektron sxemlərinin və peyk sistemlərinin təhqiqatına başlanılıb.
"Hadisə yerində heç kim yox idi. Yük maşınının içərisinə qoyulan avtomatik silahdan cəmi 13 güllə atılıb. Qalan güllələr mühafizəçilər tərəfindən açılıb. Yük maşınına yerləşdirilən avtomatik silah Fəxrizadənin üzünü yaxınlaşdırmağa imkan verən və süni intellektdən istifadə edən ağıllı bir peyk sistemi ilə təchiz olunmuşdu", - deyə o bildirib.
Qeyd edək ki, İranın nüvə proqramının əsas simalarından biri olan Möhsün Fəxrizadə noyabrın 27-də Tehranın Dəmavənd əyalətinin Absərd bölgəsində avtomobilinə olunan silahlı hücum nəticəsində ağır yaralanıb və xəstəxanada dünyasını dəyişib.
İran hökumətinin sözçüsü Əli Rəbii Fəxrizadəyə qarşı törədilən sui-qəsdlə əlaqəli şəxslərin müəyyənləşdirildiyini və istintaq sona çatandan sonra lazımi tədbirlərin görüləcəyini bildirib.