BAKI, 6 dekabr - Sputnik, Kəmalə Əliyeva. Apple Music-in versiyasına görə, 2020-ci ildə ən populyar mahnı Azərbaycan əsilli rusiyalı müğənni Jony-nin (Cahid Hüseynli) "Kometa" mahnısı olub.
Sputnik Azərbaycan bildirir ki, 10 ən populyar müğənni sırasında HammAli & Navai dueti (Aleksandr Əliyev və Nəvai Bəkirov) da daxildir.
Bu günlərdə Jony həmçinin Rusiyanın bir çox meydançalarında rus səhnəsində ən çox dinlənən müğənnilərin siyahısına da daxil olub.
Jony dörd yaşı olanda valideynləri ilə Azərbaycandan Moskvaya köçüb. Uşaq vaxtından populyar olmaq istəyib və nəhayət, arzusunu gerçəkləşdirib. Öz dediyinə görə, populyarlaşmasında sosial şəbəkələr böyük rol oynayıb. Bakıda ilk dəfə "Jara-2019" musiqi festivalında çıxış edib.
Müğənni azərbaycanlı ifaçı Elman Zeynalovun təsis etdiyi Raava Music musiqi leyblının artistləri sırasındadır. 2019-cu ildə ВКонтакте-nin versiyasına görə, ilin "Ən qabaqcıl" müğənnisi adını alıb. Onun "Xiyaban" ("Аллея") sinqlı isə 5 qat platin statusu alıb.