BAKI, 5 dekabr — Sputnik. 2016-cı ildəki Aprel döyüşləri Ermənistan hökumətinin Azərbaycana əraziləri qaytarmaq barədə şifahi vədi əsasında dayandırılıb. Sputnik Ermənistan yazır ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan özü və hökumətinin müharibəni dəf etmədikləri barədə ittihamlara cavab vermək məqsədli videomüraciətində deyib.
“Əgər siz müharibədən qaça bilərdinizsə, bunu 2016-cı ildə edəydiniz. Siz bunu edə bilmədiniz. Siz şifahi olaraq söz verdiniz ki, əraziləri təhvil veririk, o zaman dayandırdınız. Bəs bizə niyə eyni şey müyəssər olmadı? Çünki bizə deyildi ki, Ermənistan artıq bir neçə dəfə söz verib, amma yerinə yetirməyib, ona görə də söhbət ancaq yazılı surətdə və konkret müəyyənləşdirilmiş tarixlər əsasında baş tuta bilər”, - Paşinyan deyib.
O əlavə edib ki, müharibəni yalnız imzalanmış sənəd əsasında dayandırmaq mümkün idi və bu, noyabrın 9-da, yaxud müharibədən əvvəl və ya o başladığı ilk günlərdə baş tuta bilərdi. Nazir xatırladıb ki, müharibənin ilk günündə parlament tribunasında hansı şərtlər əsasında müharibəni dayandıra biləcəyini açıqlayıb, amma nə bu şərtlərlə razılaşan oldu, nə də bu barədə kütləvi çıxışlar edildi.
“İndi isə məlum olur ki, hamı ərazilərin 5+2 fotrmatda geri qaytarılmasına razı imiş. Əgər bu belə idisə, bunu 2016, 2017-ci illərdə edəydiniz. Müharibədən qaçaydınız. Problemi həll edəydiniz. Xüsusilə də Aprel müharibəsindən sonra nüansları bilirdiniz. Bəziləri elə bilirlər ki, Azərbaycan bu 5+2 formatını alqışlayır. Bu sadəcə müzakirə olunmalı təklif idi, Ermənistan bu varianta razı olan kimi isə Bakı daha çoxunu – Şuşa ilə Laçını - istəyəcəkdi”, - Paşinyan deyib.
Onun sözlərinə görə, hökumətin Türkiyənin Qarabağ münaqişəsinə müdaxiləsinə icazə verdiyi barədə ittihamları da anlamır. Paşinyan deyib ki, bu hadisə hələ 10 il bundan qabaq, erməni hökumtəi futbol diplomatiyası görüntüsünü yaradanda başladı və Ankara işğal olunmuş ərazilərin azad olunması barədə ilkin şərt irəli sürdü.
Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb, kəndlərin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüb.
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) isə Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.