Prezident İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncamına əsasən bu gün saat 12.00-da şəhidlər bir dəqiqlik sükutla yad edilib. Ölkənin hər yerində hərəkət dayandırılıb.
Bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq, Şəhidlər xiyabanını ziyarət edib. Dövlət başçısı "Əbədi məşəl" kompleksi önünə əklil qoyub, Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiramını bildirib.
Xiyabanda Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu şəhid olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.
100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.