BAKI, 3 dekabr — Sputnik. Türkiyə ABŞ-ın yeni rəhbərliyinin Ankaranın Rusiya istehsalı "S-400" hava hücumundan müdafiə sistemləri alması məsələsini müzakirə etməyə hazır olacağını gözləyir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
"ABŞ-ın əvvəlki administrasiyası zamanı bizdə "S-400" məsələsi meydana gəldi. Prezidentlər – Ərdoğan və Tramp yaxşı dialoq aparırdı,lar onların açıq münasibətləri var idi, bütün problemləri müzakirə edirdilər. Təəssüflər olsun ki, problem qaldı. Biz ABŞ-a NATO-nun himayəsi altında işçi qrupu formalaşdırmağı təklif etdik, NATO bizim "S-400"-lə bağlı narahatlığımızı və mövqeyimizi qiymətləndirmək barədə bu ideyanı dəstəklədi, lakin ABŞ bu təklifdən imtina etdi", - deyə Çavuşoğlu "Aralıq dənizi dialoqları" beynəlxalq forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, heç kim ABŞ-a və digər müttəfiqlərə, onların 10 il ərzində hava hücumundan müdafiə sistemlərini satmamasını və Türkiyənin ehtiyacı olduğu vaxtda "Patriot" kompleksini niyə geri çağırdığını soruşmur.
"Mövcud və ya gələcək administrasiyadan bizə lazım olan tək şey təhdid və sanksiyalar dili əvəzinə məsələnin dialoq yolu ilə həll olunmasında iştirak etməsidir", - deyə nazir qeyd edib.
Türkiyənin ABŞ-la münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı "S-400" hava müdafiə sistemlərinin tədarükü 2019-cu ilin iyul ayından başlayıb. Bundan sonra Vaşinqton ABŞ-ın "F-35" qırıcı-təyyarələrinin Türkiyəyə satışını təxirə salacağını bəyan edib. ABŞ Türkiyəni sanksiyalar tətbiq etməklə hədələyərək Rusiya ilə sazişdən imtina etməsini və bunun əvəzində Amerikadan "Patriot" sistemlərinin alınmasını istəyib. Türkiyə tərəfi isə Rusiyadan "S-400" zenit-raket kompleksinin növbəti partiyasının alınması ilə bağlı danışıqları davam etdirib.