BAKI, 3 dekabr — Sputnik. Sosial şəbəkələrdə Qusar rayonunda ağacların kəsilməsi ilə bağlı yayılmış məlumat araşdırılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə sosial şəbəkələrdə bildirib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi üçün müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış təklif əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamına əsasən, Qusar rayonunun Nəcəfkənd kəndi ərazisində mövcud olan dövlət meşə fondu torpaqlarının bir hissəsi Dövlət Sərhəd Xidmətinin daimi istifadəsinə verilib.
Hazırda müvafiq icazə əsasında həmin ərazidə olan ağac və kolların köçürülməsi və götürülməsi işlərinə başlanılıb.
Qusar rayonu Xuluq kəndinin ərazisində ağacların kəsilməsi ilə bağlı yayılmış digər məlumat isə araşdırılıb və adıçəkilən kəndin ərazisində ağacların kəsilməsi faktı təsdiqini tapıb.
Hazırda ağacların kəsildiyi ərazinin torpaq mülkiyyətçisinin və təqsirkarların müəyyən edilməsi üçün aidiyyətli dövlət orqanlarının nümayəndələri ilə birgə iş aparılır.
Torpağın mülkiyyətçisi və təqsirkarlar müəyyən edildikdən sonra qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.