BAKI, 3 dekabr — Sputnik. "Azərişıq" ASC texniki itkilərin azaldılması, uçot sisteminin təkmilləşdirilməsi, habelə dayanıqlı elektrik təchizat sisteminin təmin olunması üçün zəruri texniki tədbirləri davam etdirir. Bu barədə Cəmiyyətin Mətbuat Xidmətinin rəhbəri Vaqif Mustafayev Sputnik Azərbaycan-a məlumat verib. Qeyd olunub ki, 2015-ci ildə "Azərişıq" ASC yaradılanadək şirkətdə elektrik enerjisi üzrə texniki itki 13,9% təşkil etmiş, 2016-cı ildə bu rəqəm 10%-ə, 2017-ci ildə 9,9%-ə, 2018-ci ildə 9,8%-ə, 2019-cu ildə isə 9,7%, 2020-ci ildə isə 0,8% azaldılmaqla 8,9% təşkil edib.
V.Mustafayevin sözlərinə görə, bu gün də "Azərişıq" ASC texniki itkilərin azaldılması, uçot sisteminin təkmilləşdirilməsi, habelə dayanıqlı elektrik təchizat sisteminin təmin olunması üçün zəruri texniki tədbirləri davam etdirir. Bu məqsədlə elektrik şəbəkələrində əsaslı yenidənqurma işləri aparılır, ağac dayaqlar yeni dəmir-beton dayaqlarla əvəz olunur, eləcə də uçot sistemi təzələnərək sayğaclar yenilənir. 2015-2020-ci illər ərzində, ümumilikdə 1 milyon 300 minə yaxın abunəçi yeni sayğaclarla təchiz edilmişdir ki, bunun da 1 milyon 157 mini əhali, 142 min 309-u isə qeyri-əhali abonentərinə aid uçot nöqtələri təşkil edib. 2020-ci ilin 10 ayında isə ümumilikdə 196 436 abonent yeni sayğacla təchiz edilmiş və bunun da 185 543-ü əhali, 10 893-ü isə qeyri-əhali abonentlərinə aiddir. Görülən tədbirlər nəticəsində ümumilikdə "Azərişıq" ASC üzrə son 5 il ərzində texniki itki səviyyəsinin 5%-ə dək azalmasına nail olunub", - deyə Vaqif Mustafayev əlavə edib.
O qeyd edib ki, "Azərişıq" ASC tərəfindən respublikanın bütün kənd və qəsəbələrində elektrik enerjisi sisteminin yenidən qurulması ilə bağlı geniş miqyaslı işlər həyata keçirilir: "Son 5 ildə 500-dən çox kənd və qəsəbələrdə, cari ilin 10 ayında isə 50-dən çox inzibati ərazi vahidliklərində (0,4 kV-luq şəbəkələrdə) yenidənqurma işləri aparılaraq, ümumilikdə minlərlə istehlakçının 24 saat ərzində dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı tam təmin olunub".