Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 2 dekabr — Sputnik. Koronavirusa yoluxma sayının sürətlə artması artıq əhali arasında ciddi narahatlığa səbəb olub. Ölkəmizdə sərt karantin rejiminin davam etdiyi, təhsil müəssisələrinin belə bağlı olduğu, eləcə də açıq havada belə tibbi maska qadağası olduğu halda virusa yoluxmanın sürətlə artması təəccüb yaradır. Virusoloqlar virusun artmasını ölkədə qadağalara tam əməl edilməməsi və hüzr mərasimlərinin keçirilməsi ilə izah edirlər.
Qeyd edək ki, ölkədə koronavirus pandemiyası ilə əlaqədar olaraq dəfn mərasimi istisna olmaqla yas mərasimlərinin keçirilməsi qadağan olunub. Buna baxmayaraq, Bakıda yas mərasimlərinin təşkili ilə bağlı qadağalara əməl edilmir. Paytaxt sakinləri evlərində belə yas mərasimi təşkil etməkdən çəkinmirlər.
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda koronavirusa yoluxmada artımın qeydə alınmasının səbəbləri çoxdur: "Artıma ilk növbədə insanların karantin qaydalarına tam əməl etməməsi səbəb olur. Amma yas mərasimləri də yoluxmaya təsir edən amillərdəndir. Hüzr mərasimlərinin təşkilinə ona görə qadağa qoyulub ki, insanlar arasında sıx təmas olmasın. Çox təəssüf ki, bəzən buna əməl edilmir. Bu isə virusa yoluxma sayına öz təsirini göstərir".
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda koronavirusun artım səbəbi yas mərasimlərinin keçirilməsi, ictimai nəqliyyatda və böyük marketlərdə sıxlıqdır: "Etiraf etmək lazımdır ki, bu yerlərdə qoruma qaydalarına əməl edilmir.
Qanunda heç bir boşluq yoxdur. Sərt karantin rejimində yas mərasimlərində iştirak inzibati məsuliyyət yaradır. Bu hallar müəyyən edildikdə cəza tədbirləri görülür. Amma buna baxmayaraq insanlar qadağaya məhəl qoymayaraq ev şəraitində belə yas mərasimi düzənləyirlər. İlk növbədə hər bir insan özünə nəzarət etməlidir. Bu mərasimlərdə iştirak dini baxımdan düzgün olsa da, bununla həm özümüzü, həmçinin də ətrafımızı təhlükə altında qoyuruq.
İnsanlar qanunu pozmalarının fərqində olmaldırlar. Çox təəssüf ki, qanuna hər kəs tərəfindən əməl edilmir. Bu gün yas mərasimlərinin təşkili qanunların icrasında problemlərin olduğunu göstərir. Hər bir məhəllədə sahə müvəkkilləri, sözü keçən insanlar var. Onlar yas mərasimlərinin aparılmasına qarşı maarifləndirmə işi aparmalıdırlar. Eyni zamanda bu hallar aşkar edilib, müvafiq tədbirlər görülməlidir".
İnfeksionist Nilufər Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, payız-qış aylarında COVID-19-a yoluxmanın artımı gözlənilən idi: "Çünki bu dövrdə tənəffüs yolları xəstəlikləri, hava-damcı yolu ilə yayılan viruslara yoluxma artır. Amma qapalı məkanlarda bu təhlükə daha da böyükdür. Maska taxılmaması, parça maskalara üstünlük verilməsi, kütləvi toplaşmaların artması virusun yayılma sayını daha da çoxaltdı. Çünki hazırda bütün dünyada koronavirusa yoluxmada artım qeydə alınır. İnsanlar gözləməməlidirlər ki, qaydalar daha da sərtləşdirilsin. Yas mərasimləri ilə bağlı məsələ başadüşüləndir. Cəmiyyətimizdə əsrlərdir mövcud olan ənənələr var. İnsanlar doğmasını itirən yaxınlarına təsəlli vermək istəyirlər. Amma yas mərasimini təşkil edən şəxs də başa düşməlidir ki, pandemiya dövründə məsuliyyət onun üzərində olacaq. Yas yerləri qapalı yerlərdə keçirilir. Belə yerlərdə ən azı qaydalara riayət edilməlidir. Amma mərasimə gedən insanların bu virusa daha çox yoluxması göstərir ki, bu qaydalara qəti əməl olunmur. Bu gün koronavirusa yoluxan şəxslərin əksəriyyəti bildirir ki, sonuncu dəfə kütləvi yerlərdən yas mərasimində olub. Cəmiyyət olaraq bu təhlükəni anlamalı, pandemiya dövründə bu mərasimlərin keçirilməsinə qarşı olmalıyıq".