BAKI, 2 dekabr — Sputnik. Koronavirusla bağlı ağırlaşmalar əsasən yanaşı xəstəliyi olan şəxslərdə müşahidə edilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva bildirib.
N.Mustafayeva bildirib ki, bunlar şəkərli diabet xəstələri, ürək-damar xəstələri, xərçəng xəstələri və sair şəxslərdir. Onun sözlərinə görə, yoluxanların 81 faizi xəstəliyi yüngül simptomlarla keçirirlər. N.Mustafayeva əlavə edib ki, indiyə qədər Azərbaycanda götürülən testlərə görə ən yüksək yoluxma faizi 29 faiz olub. O bildirib ki, Azərbaycanda koronavirusdan ölüm faizi 1.1 faiz təşkil edir ki, bu da ən aşağı göstəricilərdən biridir. Onun sözlərinə görə, dünya ölkələrində koronavirusdan ölüm faizi 3.6 faizə qədər yüksəlib.