BAKI, 30 noyabr — Sputnik, Qaliyə İbrahimova. Donald Tramp ABŞ seçicilər kollegiyasının Co Baydenin qələbəsini qəbul edəcəyi təqdirdə hakimiyyəti ona ötürəcəyini bildirib. Ancaq mediada gedən xəbərlərə əsasən, o, iqtidarı əldən verməzdən əvvəl İranla müharibə etməyə hazırdır. Yeni qalmaqalın səbəbi iki ölkə arasındaki nüvə razılaşmasının pozulmasından sonra İranda yenidən inkişaf etdirilməyə başlanan nüvə proqramıdır. Üstəlik, amerikalılar Tel-Əvivi də Tehrana təzyiq göstərməyə cəlb etmək niyyətindədirlər. RİA Novosti bunun Yaxın Şərqdəki vəziyyətə necə təsir edəcəyini araşdırıb.
Trampın qəzəbi
"Donald Tramp İrana zərbə vurmağı əmr edə bilər, bu səbəbdən də İsrail Müdafiə Ordusu ayıq-sayıq olmalıdır. İsrail hakimiyyəti üçün Co Baydenin andiçmə mərasimindən əvvəlki dövrdəki çətinlikləri başa düşmək çox vacibdir. Səlahiyyətləri başa çatmaq üzrə olan ABŞ lideri dəfələrlə Natanzdakı uran zənginləşdirmə zavodunun necə məhv ediləcəyi məsələsini gündəmə gətirmişdi", - deyə İsrail mənbələrinə istinadən Axios onlayn xəbər saytı yazır.
Saytın istinad etdiyi mənbənin fikrincə, Tramp BAEA (Beynəlxalq Atom Enerjisi Agentliyi) İranın nüvə proqramının inkişafı ilə bağlı növbəti hesabatını yayımladıqdan sonra Tehrana qabaqlayıcı zərbə endirmək qərarına gəlib.
Hesabatda bildirilir ki, İran İslam Respublikası Birgə Hərtərəfli Fəaliyyət Planının şərtlərini yerinə yetirməkdən imtina etdikdən sonra ölkədə yüksək dərəcədə zənginləşdirilmiş (silah səviyyəsində) uran ehtiyatları artırılıb.
"Bunu öyrənən Donald Tramp bərk qəzəblənib, ancaq Mayk Pens və Mayk Pompeo onu dilə tutaraq sakitləşdiriblər", - deyə The New York Times qəzeti Amerikanın dövlət məmurlarına istinadən xəbər verir.
Amerikanın İrana qarşı planlarına dair təsdiqlənmiş məlumat yoxdur. Bununla belə, İsrail etiraf edib ki, mümkün qarşıdurmaya hazırlıqlı olmaq tapşırığı alıb.
"Cavab zərbəsi birbaşa İrana deyil, bu ölkənin Suriyadakı, Qəzzədəki və ya Livandakı qoşunlarına da endirilə bilər", - deyə mənbə Axios-a bildirib.
Siyasətçilərin mümkün müharibə barədə məlumatların etibarlılığını müzakirə etdikləri vaxt İranda fizik Möhsün Fəxrizadə öldürüldü. Qərb kəşfiyyat xidmətləri onu "İran bombasının atası" adlandırırdı. Belə hesab olunurdu ki, İranın nüvə proqramına məhz o rəhbərlik edir. Tehran dərhal qətldə İsraili günahlandırdı və intiqam alacağını bildirdi. Benyamin Netanyahu isə İranın iddialarını rədd etdi.
Müharibə öncəsi vəziyyət
Əvvəl baş verən hadisələr olmasaydı, İrana hücum təhlükəsi barədə məlumat sızması diqqətdən kənarda qalacaqdı. Məsələ burasındadır ki, bu yaxınlarda Amerika Birləşmiş Ştatları B-52H Stratofortress strateji bombardmançı təyyarələrini Yaxın Şərqə göndərib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) döyüş təyyarələrinin bölgəyə "təcavüzün qarşısını almaq və ABŞ müttəfiqlərini dəstəkləmək üçün" gəldiklərini bildirir.
ABŞ bu barədə məlumat verməsə də, qırıcıların keçən qış olduğu kimi bu dəfə də Hind okeanındakı ingilis adası Dieqo Qarsiyadakı bir hava bazasında olduğu ehtimal edilir.
Həmin vaxt İranla mümkün müharibə təhlükəsinə qarşı hərbi bazaya altı bombardmançı təyyarə yerləşdirilmişdi. Silahlı qarşıdurmanın səbəbi isə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Qasım Süleymaninin amerikalılar tərəfindən öldürülməsi idi. Tehran qisas alacağına söz vermişdi.
Bölgədəki Amerika hədəflərinə ilboyu hücumlar edilsə də, birbaşa toqquşma baş vermədi. Üstəlik, amerikalılar hərbi qüvvələrini geri çəkməyə başladılar. Bu isə İranla həmsərhəd ölkələrdə narahatlığa səbəb oldu. Onlar ərazidəki ABŞ kontingentinin təhdidlərə qarşı bir növ bufer rolunu oynadığını və ən əsası, Tehranın əl-qolunu bağladığını bildirdilər.
Danışıqlar – gizli və aşkar
İranın Yaxın Şərqdə artan nüfuzu hamıdan çox İsraili narahat edir. ABŞ-la İran arasında keçən qış baş verən hadisədən sonra Tel-Əviv həyəcan təbili çalmağa başladı. İsrailin Baş naziri Benyamin Netanyahu iddia etdi ki, Tehran yalnız amerikalılardan deyil, yəhudilərdən də intiqam almağa hazırlaşır. Və xəbərdarlıq etdi: gözləmədən vəziyyətə uyğun addım atacaq.
Fars körfəzinin monarxiya dövlətləri İranın Yaxın Şərqə təsirinin qarşısını almağa çalışırlar. Səddam Hüseyn rejiminin İraqdakı süqutundan sonra İslam Respublikası regional lider rolunu öz üzərinə götürməyə cəhd edir ki, ərəblər də bundan narahatdırlar. Çünki ayətullahların şiə rejimi sünni ənənələri üçün qəbuledilməzdir. Odur ki, həmin dövlətlər İranın regionda nüfuzunun artmasının qarşısını almaq məqsədi ilə 2000-ci illərin ortalarında etibarən İsrail ilə qeyri-rəsmi danışıqlara başladılar.
Çözülməmiş Fələstin məsələsi onların açıq birləşməsinə mane olsa da, tərəflər Tehrana qarşı birgə addım atmağı qəbul etdilər.
Müşahidəçilərin fikrincə, bu əməkdaşlıq, məsələn, İordaniya, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin hava məkanlarını İsrail aviasiyasına açmağa hazır olmalarından xəbər verirdi.
Donald Trampın prezidentliyi və İrana qarşı tutduğu mövqe ərəb-İsrail əlaqələrini gücləndirdi. 45-ci ABŞ prezidenti iqtidara gələrkən bəyan etmişdi ki, "əsrin müqaviləsi"nin köməyi ilə Yaxın Şərqin bütün problemlərini həll edəcək. Bu sənəd Fələstin məsələsinin "iki xalq üçün iki dövlət" prinsipi ilə həllini nəzərdə tuturdu - İsrail ilə yanaşı, Fələstin də dünya xəritəsində görünəcəkdi. Lakin bu təşəbbüsə ərəb dünyasından dəstək gəlmədi. Bununla belə, ərəb ölkələri həmin sənədin "Yaxın Şərqin yenidən qurulmasına" kömək etdiyini bildirdilər. Sentyabr ayında İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn amerikalıların vasitəçiliyi ilə rəsmi diplomatik əlaqələr qurdular. Eyni zamanda, bu dövlətlərdən heç biri qarşılıqlı münasibətlərin taktiki anti-İran xarakteri daşıdığını də gizlətmədi.
Yalnız özünü ərəb dünyasının lideri sayan Səudiyyə Ərəbistanı bəyan etdi ki, Fələstin problemi həll olunmamış Tel-Əvivlə hər hansı münasibətdən söhbət gedə bilməz. Ancaq çox keçmədən bu stereotip də dağıldı. Bu yaxınlarda Netanyahunun gizli şəkildə Səudiyyə Ərəbistanının Neom şəhərini ziyarət etdiyi və vəliəhd Məhəmməd bin Salmanla danışıqlar apardığı məlum oldu. Xəbər sensasiya yaratsa da, görüşün detalları ilə bağlı məlumat əldə etmək mümkün olmadı. Bununla belə, ərəb və yəhudi liderlərinin görüşündə əsas mövzunun İranın Yaxın Şərqə təsirinin artması olduğu ilə bağlı mülahizələr irəli sürüldü. Ər-Riyad əvvəlcə baş tutmuş dialoqu inkar etdi. Ancaq Tel-Əvivin məsələni şərh etməkdən imtina etməsi əksər ölkələr üçün sübut rolunu oynadı - görüş baş tutmuşdu. Danışıqların məhz ABŞ dövlət katibinin Yaxın Şərqə səfərindən sonra baş tutmasına da diqqət çəkildi. Mayk Pompeo bir daha bölgədəki dövlətləri barışdırmağa çalışaraq İran təhdidinin ciddiliyindən dəm vurdu.
"Özündən sonra alyans qoyub getmək"
"İsrail İranla birbaşa hərbi toqquşmaya girmək fikrində deyil, ancaq gizli bir qarşıdurma bütün cəbhələrdə baş verir. İslam Respublikası Suriyadakı İsrail sərhədinin perimetri boyunca hərbi varlığını gücləndirir. Daha bir qonşu ölkə, Livan isə əslində, İranın vassalıdır. Tehran Qəzzə zolağına ciddi təsir göstərir, Həması maliyyələşdirir. Əslində İran İsrailin bütün sərhədlərində mövcuddur", - deyə Knessetin keçmiş deputatı, İsrailin Herzliya Disiplinlərarası İnstitutunun eksperti Kseniya Svetlova qeyd edir. O, Netanyahunun Səudiyyə Ərəbistanına gizli səfərini ABŞ-da gözlənilən hakimiyyət dəyişikliyi kontekstində dəyərləndirir.
"ABŞ-da hakimiyyətə gələn yeni qüvvələr Yaxın Şərqlə münasibətləri korreksiya edir. Netanyahu ilə ibn Salman arasında Baydenin hakimiyyəti dövründə İrana münasibətdə əlaqələndirmənin necə davam etdiriləcəyinin müzakirə olunduğu istisna deyil. Hərçənd, demokrat-prezidentin bu cür təmaslara qarşı olacağını düşünmürəm. Barak Obamanın dövründən bəri amerikalılar bölgədən çəkilmə kursu götürüblər. Ancaq orada özlərindən sonra İran təhdidinə qarşı ən azı bir ərəb-İsrail ittifaqını qoyub getmək ABŞ-ın maraqlarına cavab verir", - deyə Svetlova bildirib.
Trampın səhvini etiraf etmək
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) analitiki Adlan Marqoyev İranın Ərəb-İsrail qarşılıqlı əlaqəsindən xəbərdar olduğuna əmindir. Ekspertin fikrincə, Tehranda ərəb ölkələri ilə "sionist rejim" arasında əlaqələrin qurulması "Fələstinə xəyanət" kimi qəbul edilir. Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreynin İsrail ilə təmaslarını tənqid edən İran hakimiyyəti, bununla belə, qarşıdurmanı kəskinləşdirməkdə maraqlı deyil.
Marqoyevin fikrincə, Tehran ABŞ-da hakimiyyət dəyişikliyindən sonra İran əleyhinə çıxışların azalmasına ümid edir. "İran hakimiyyəti Baydeni Trampın səhvlərini etiraf etməyə və Birgə Hərtərəfli Fəaliyyət Planını dirçəltməyə çağırır. Demokratlar artıq bunu mütəxəssislər səviyyəsində müzakirə edirlər, amma praktikada bu iş bir o qədər də sadə deyil. Hərəkət istiqamətini müəyyənləşdirmək belə çox çətindir. Məsələn, İran sanksiyaların ləğv edilməsini tələb edir. Ancaq onda Tehranın Birgə Hərtərəfli Fəaliyyət Planınının şərtlərinə əməl edəcəyi təsdiqlənməlidir. Tehranın fikrincə, nüvə sazişi ona görə tam şəkildə həyata keçirilmədi ki, amerikalılar birinci bu razılaşmadan imtina etdilər. Bəs mexanizmin paralel işləməsi üçün Birgə Hərtərəfli Fəaliyyət Planına necə qayıtmaq olar? Bu sualın cavabı hələlik məlum deyil", - Marqoyev qeyd edir.
Trampın İran əleyhinə qərarlarını ləğv etməyin Bayden üçün asan olmayacağını deyən ekspert, bununla belə, vəziyyətin münaqişə səviyyəsinə qədər yüksəlmənin qarşısının alınacağına da əmindir.