BAKI, 30 noyabr - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus koronavirusun mənbəyi haqda araşdırmaları siyasiləşdirməməyə çağırıb. Onun sözlərinə görə, ekspertlər öz rəylərini elmə əsaslanaraq hazırlayacaqlar.
"Bizim mövqeyimiz kifayət qədər dəqiq və sərt idi. Biz virusun mənbəyini tapmaq üçün iş aparırıq, çünki bu, bütün dünyaya xəstəliyin genezisini taparaq gələcək alovlanmaların qarşısını almağa yardım edəcək", - Cenevrədəki mətbuat konfransında Gebreyesus deyib.
O vurğulayıb ki, ÜST virusun mənbəyinin araşdırılmasında FAO (BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı) və Ümumdünya Heyvan Sağlığı Təşkilatı ilə birgə işləyir. Bu məsələylə məşğul olan beynəlxalq ekspertlər qrupuna ABŞ, Böyük Britaniya, Cənubi Koreya, Sudan və digər ölkələrin nümayəndələri daxildir. Ancaq buna rəğmən, ÜST rəhbərinin sözlərinə görə, ümumdünya təşkilatının bəzi üzvləri araşdırmaları siyasiləşdirməyə çalışırlar.
"Ona görə də məsləhət görürük: xahiş edirik, bu məsələni siyasiləşdirməyin. Biz hər şeyi edəcəyik, amma elmə istinadla", - Gebreyesus vurğulayıb.