İlham Mustafayev, Sputnik Azərbaycan
BAKI, 30 noyabr — Sputnik. Döyüş meydanında qəhrəmanlıq göstərən igid Azərbaycan oğullarının şücaəti indi dillərə dastan olur. Torpaqlarımızı işğaldan azad etmiş bu vətən oğullarının sayəsində biz zəfər yazan ölkənin vətəndaşına çevrilmişik. Onlardan biri də Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanovdur.
O, Vətən müharibəsinin ilk günlərindən cəbhəyə könüllü qatılıb, döyüşlərdə iştirak edib. Bədir torpaqlarımızın işğaldan azad olunması zamanı əldə edilən qələbənin əsas səbəblərindən birinin yüksək döyüş əhval-ruhiyyəsi olduğunu deyir:
“Əhval-ruhiyyə ordumuzda çox yüksək idi. Bir əsgərdə belə qorxu hissi yox idi. İndi fikirləşirəm ki, bir nəfər belə qorxmuş olsaydı, bu bütün döyüşçülərə sirayət edərdi. Amma hər kəs qorxmadan mərdliklə döyüşürdü. Bizim döyüşçülərin döyüş ruhunu yüksəldən düşmənin qabağımızda dayana bilməməsi idi. Hücum vaxtı erməni əsgəri uzağı 5-10 güllə atıb avtomatı tullayıb qaçırdı. Onda hiss edirdik ki, qarşımızı heç bir düşmən kəsə bilməz”, - deyə döyüşlər haqda danışıb.
Füzuli, Laçın və Xocavənd istiqamətində döyüşlərdə iştirak edən Bədir Süleymanov əlindən yaralansa da, digər yaralı əsgər yoldaşını da döyüş meydanında buraxmayıb. O anı yaralı qazi belə xatırlayır:
“Noyabrın 9-da Xocavənd istiqamətində əlimdən güllə yarası aldım. Mən zərbə manqasında döyüşürdüm. Döyüşlərə ilk biz atılırdıq. Yaralandığım döyüşdə erməniləri qovaraq içərilərə getdik. Düşmən bizi mühasirəyə salmaq istəyəndə yaralandım. Mənimlə eyni vaxtda bir yoldaşım da yaralandı. Güllə sinəsindən girib kürəyindən çıxmışdı. Olduğumuz yerdən işıqlı havada çıxmaq mümkün deyildi. Snayperləri çox idi ərazidə. Ona görə komandir dedi, qaranlıq düşsün, sonra sizi aşağı düşürək. Komandirə dedim, icazə versin, onsuz axşama kimi qanaxmadan burada sağ qalmaq mümkün olmayacaq. O biri yaralını da götürüb sürünə-sürünə çıxardım düşmən əhatəsindən. Hazırda ikimiz də sağıq. Tez-tez zəng vurur indi”, - deyə o, son döyüşündən məlumat verib.
Bədirin 2 körpə övladı var. Qazinin gəlişinə ən çox sevinənlər də elə onlardır.
Qazi anası Aybəniz Salmanova övladı ilə fəxr etdiyini deyir.
“Bədir mənim fəxrimdir. Müharibə başlayanda öz kəndimizdəydim. Zəng elədi ki, mən döyüşə gedirəm, gəl, uşaqların yanında qal. Gedən gündən döyüşlərə qatılıb son günlərədək vuruşdu. Gələndə onu bir qəhrəman oğul kimi qarşıladım. Mən övladımla, ordumuzla, prezidentimizlə fəxr edirəm. Çünki birlik olmasaydı, müharibədə qalib gələ bilməzdik,” - deyə o bildirib.
Bədir indi tezliklə sağalacağı günü gözləyir. Fikri-zikri döyüş yoldaşlarının yanında olduğundan sağalan kimi onların yanına getmək istəyir.