BAKI, 30 noyabr — Sputnik. Türkiyənin Atv kanalında yayımlanan "Eşkiya Dünyaya Hükümdar Olmaz" serialının çəkiliş meydançasında dəhşətli hadisə baş verib.
Sputnik Azərbaycan xəbər verir ki, ötən gecə baş verən hadisədə serialın texniki heyətində çalışan 3 qadın hücuma məruz qalıb. Belə ki, EDHO-nun çəkilişləri aparılan məkanın üst mərtəbəsində kostyumların saxlanıldığı otaqda çalışan 3 qadına qəflətən otağa daxil olan 2 nəfər hücum edib. Qapını qıraraq otağa daxil olan 2 nəfər otaqda olan qadınları təhqir edərək, onlara fiziki güc göstərib. Səs-küyü eşidən yaradıcı heyətin üzvləri qadınların köməyinə gəliblər.
Hadisə yerinə polislərin gəlməsindən sonra məlum olub ki, qadınlara hücum edən 2 kişi əvvəllər zorlama və narkotik satışından məhkum olunaraq, həbsxanada yatmış keçmiş dustaqlardır. Polislər qadınların şikayətlərinə əsasən cinayətkarları yaxalayaraq, bölməyə aparıblar.